Notarial hərəkətlər

Notariat hərəkətlərinin aparılma yeri

Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında notariat hərəkətləri konsullar üçün müəyyən olunmuş müvafiq binada və ya otaqda aparılmalıdır.

Xəstəlik nəticəsində, əlilliklə əlaqədar olaraq və ya Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda, şəxsin Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında notariat hərəkətlərinin aparılması üçün müəyyən olunmuş müvafiq binaya və ya otağa gələ bilmədiyi hallarda əvvəlcədən verilmiş bildiriş üzrə dövlət rüsumu ödənildikdən və nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri bu binadan və ya otaqdan kənarda da aparılır.

Notariat hərəkətlərinin aparılması müddəti

Notariat hərəkətləri lazım olan bütün sənədlərin təqdim olunduğu və dövlət rüsumu ödənildiyi gün aparılır.

İdarələrin, müəssisələrin və təşkilatların vəzifəli şəxslərindən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri Azərbaycan Respublikasının müvafiq orqanlarına ekspertizaya göndərmək lazım gəldikdə, notariat hərəkətlərinin aparılması bir aydan artıq olmayan müddətə təxirə salına bilər.

Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında Azərbaycan Respublikasının məhkəmələrindən məlumat gəldikdə, notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılır.

Notariat hərəkətləri aparılan şəxslərin şəxsiyyətinin müəyyən olunması

Notariat hərəkətlərini apararkən konsul hər bir halda notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini müəyyən edir.

Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyəti ümumvətəndaş, xidməti, diplomatik pasportlar və şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir.

Hərbi qulluqçuların şəxsiyyəti hərbi hissələrin və hərbi idarələrin komandanlığının verdiyi şəxsi vəsiqə və ya hərbi bilet əsasında müəyyən edilir.

Dənizçilərin şəxsiyyəti onların şəxsiyyətini təsdiq edən sənəd əsasında müəyyən edilir.

Nəqliyyat vasitəsinin müvəqqəti əvəzsiz istifadəyə verilməsinə dair etibarnamə təsdiq edilərkən etibar edənin şəxsiyyəti Azərbaycan Respublikası sürücülük vəsiqəsi əsasında da müəyyən edilir.

Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyü təsdiq edilərkən vətəndaşların şəxsiyyəti, həmçinin iş yeri üzrə idarə, müəssisə, təşkilat tərəfindən onlara verilmiş xidməti vəsiqə, tələbə bileti və ya sürücülük vəsiqəsi əsasında da müəyyən olunur. 16 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların şəxsiyyəti doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur. 

Notariat hərəkətlərinin aparılması üçün zəruri sənədlərə dair tələblər

Pozuntu və qaralaması olan, təsdiq edilməmiş əlavələri olan sənədlərin, zədələndiyinə görə mətninin oxunması mümkün olmayan, yaxud karandaşla yazılmış sənədlərin notariat hərəkətlərinin aparılması üçün qəbul edilməsi qadağandır.

Əgər bir neçə vərəqdə ifadə olunmuş sənədlər nömrələnməmiş, qaytanlanmamış, vəzifəli şəxsin imzası ilə və sənədi verən idarənin, müəssisənin və təşkilatın möhürü ilə təsdiq edilməmişsə, bu sənədlər də qəbul edilmir.

Sənədlərin imzalanması

Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər konsulun iştirakı ilə imzalanır. Əgər əqd, ərizə və ya başqa sənəd konsulun iştirakı olmadan imzalanmışsa, onu imzalayan şəxs sənədi özünün imzaladığını şəxsən təsdiq etməlidir.

Şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və konsulun iştirakı ilə başqa şəxs imzalaya bilər. Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs savadsız və kordursa, konsul ona sənədin mətnini oxumağa və bu barədə sənəddə qeyd yazmağa borcludur.

Əgər notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kar, kor, kar-lal və ya savadsızdırsa, notariat hərəkəti aparılarkən onu başa salmağı bacaran savadlı şəxs mütləq iştirak etməli və öz imzası ilə təsdiq etməlidir ki, əqdin, ərizənin və ya digər sənədin məzmunu əqddə, ərizədə və digər sənəddə iştirak edən kar, kor və ya kar-lal şəxsin iradəsinə uyğundur.

 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında səlahiyyətli vəzifəli şəxslər – konsullar aşağıdakı notariat hərəkətlərini aparır:

1) Azərbaycan Respublikasının ərazisində yerləşən daşınmaz əmlakın özgəninkiləşdirilməsi və həmin əmlakın girov qoyulması barədə müqavilələr istisna olmaqla əqdləri və etibarnamələri təsdiq edir;

2) miras əmlakın mühafizə olunması üçün tədbirlər görür;

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;

4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;

5) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

6) sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir;

7) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

8) şəxsin sağ olması faktını təsdiq edir;

9) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;

10) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

11) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

12) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, sənədli qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;

13) icra qeydləri aparır;

14) sənədləri saxlanmaq üçün qəbul edir;

15) dəniz protestləri tərtib edir;

16) sübutları təmin edir.

 

Arxiv üzrə axtarış