Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi
Ümumi məlumatlar
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 10-cu maddəsinə əsasən və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq:
- xarici ölkədə pasportunu itirmiş;
- pasportu oğurlanmış və ya yararsız hala düşmüş;
- pasportunun etibarlılıq müddəti bitmiş;
- xarici ölkədə doğulan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış
Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə” ilə tənzimlənir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqlarında rəsmiləşdirilir.
Qayıdış şəhadətnaməsi - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:
- Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AAseriyalı);
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı).
Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs özü, habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. Şəhadətnamənin verilməsinə imtina edildikdə şəxslər bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət edə bilərlər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə - vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilirlər.
Xarici ölkələrə səfər edən vətəndaşların nəzərinə!
Xarici ölkədə pasport oğurlandığı və ya itirildiyi təqdirdə səfirlik və konsulluqlarımız tərəfindən vətəndaşın şəxsiyyətini və vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsində operativliyin təmin edilməsi məqsədilə xarici ölkəyə səfər etməzdən öncə pasportun və şəxsiyyət vəsiqəsinin surətinin çıxarılması tövsiyyə olunur.
Xarici ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) səfirlik və ya konsulluğunda konsulluq uçotuna düşməsi də tövsiyyə olunur.
Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər
Şəhadətnamənin alınması üçün doldurulmuş ərizə-anket (nümunəsi əlavə olunur) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir.
Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:
- pasport yararsız hala düşdükdə və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü;
- 2 (iki) ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
- üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədi;
- Azərbaycan Respublikasının vətəndaşı ilə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsi;
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən digər rəsmi sənəd;
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslə birgə gedən 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış uşağının doğum haqqında şəhadətnaməsi və ya Azərbaycan Respublikası tərəfindən verilmiş şəxsiyyətini təsdiq edən rəsmi sənəd ;
- dövlət rüsumunun ödənilməsi haqqında sənəd.
Şəhadətnamənin verilməsi haqqında ərizə-anket Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyata alınır.
Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizəanket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.
Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti qısa müddət ərzində (3 iş günündən çox olmamaq şərtilə) sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir.
Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara 3 təqvim günü müddətində Şəhadətnamə verilir.
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin razılığı ilə verilir.
Dövlət rüsumu və inzibati cərimə
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün Dövlət rüsumunun dərəcəsi və ödənilmə ünvanı.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün:
– 40 ABŞ dollar məbləğində dövlət rüsumu ödənilməlidir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının pasportunun və Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin itirilməsinə və ya qəsdən korlanmasına görə
- 15 manatdan 25 manatadək miqdarda cərimə edilirlər.
Ödənilmə ünvanı
Xarici ölkələrdə - Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən təqdim edilən müvafiq hesab nömrəsi.
Dövlət rüsumunun ödənilməsindən azadolmalar
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 17.7.-ci maddəsinə əsasən, aşağıdakı kateqoriya Azərbaycan Respublikasının vətəndaşlarına qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur:
- xarici ölkələrdə dövlət xətti ilə təhsil alan vətəndaşlar,
- pedaqoji fəaliyyət göstərən vətəndaşlar,
- xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan vətəndaşlar;
- xarici ölkələrdən deportasiya edilən vətəndaşlar.