Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycanın Qətərdəki səfirliyinin təşəbbüsü və Qətər Dövlətinin Bələdiyyə Nazirliyinin dəstəyi ilə mayın 8-də Doha şəhərində ağacəkmə aksiyası keçirilib.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycanın Qətərdəki səfirliyinin təşəbbüsü və Qətər Dövlətinin Bələdiyyə Nazirliyinin dəstəyi ilə mayın 8-də Doha şəhərində ağacəkmə aksiyası keçirilib.
Dohanın mərkəzi hissəsində yeni salınan parkların birində təşkil edilən aksiyada yerli iqlim şəraitinə uyğunlaşdırılmış 100 ədəd ağac əkilib.
Tədbirdə Qətərin Bələdiyyə Nazirliyinin Parklar Baş İdarəsinin rəisi və “Qatar EXPO 2023”ün Baş katibi Məhəmməd Ali Al Xori, Doha şəhər Bələdiyyəsinin xüsusi nümayəndəsi, Qətərin Ekologiya Nazirliyinin nümayəndələri, tədbirin keçirildiyi parkın yerləşdiyi ərazinin bələdiyyə rəisi, Qətərdə akkreditə olunan ölkələrin səfirləri (Türkiyə, Qazaxıstan, Ukrayna, Tacikistan, Fələstin, Nepal, Şri-Lanka, Kuba, Mali, Salvador, Cibuti, Dominikan, Şimali Makedoniya, Peru, Haiti, Misir, Qırğızıstan, Tanzaniya, Bruney Dərussalam, Esvatini, Efiopiya, Ruanda, Malta), həmçinin Kostarika, Tailand, Gürcüstan, İndoneziya və Rusiyanın müvəqqəti işlər vəkili və müşavirləri, Azərbaycan səfirliyinin diplomatik heyəti, Qətərin yerli ərəbdilli orta məktəblərindən birinin şagird və müəllim heyəti, Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Mərasim yerli KİV-lər, o cümlədən “Qatar TV”, “Rayyan TV”, “AL Kaas TV, CNBC”, “Al Arabi TV”, həmçinin Qətər Xəbərlər Agentliyinin (QNA), ingilisdilli “Peninsula” və “Gulf Times” qəzetlərinin müxbirləri tərəfindən işıqlandırılıb.
Tədbirdə Türkiyənin Qətərdəki səfirliyinin böyük diplomatik heyəti, Qətərdə yerləşən Türkiyə hərbi bazasının komandanı və hərbi hava qüvvələri baş komandanlığı iştirak edib.
Mərasimdə əvvəlcə qətərli məktəblilərin ifasında Azərbaycan və Qətərin Dövlət himnləri səsləndirilib.
Tədbiri açan Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Mahir Əliyev ağacəkmə aksiyası haqqında məlumat verib. O, səfirlik tərəfindən Ümummilli Liderin 100 illik yubileyi münasibətilə xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qətərdə həyata keçirilən “10 milyon ağac əkilməsi” təşəbbüsü ilə həmrəylik olaraq Dohada 100 ağac əkilməsi təşəbbüsünün irəli sürdüyünü diqqətə çatdırıb. Səfir, Qətər tərəfinə və xüsusilə Qətər Dövlətinin Bələdiyyə Nazirliyinin rəhbərliyinə bu ideyanı dəstəklədiyinə və bu layihənin həyata keçirilməsi zamanı səfirliyə hər cür təşkilati dəstəyi göstərdiyinə görə minnətdarlığını bildirib.
Mahir Əliyev Ümummilli Lider Heydər Əliyevin bir dövlət xadimi və dahi şəxsiyyət kimi müasir Azərbaycanın qurulmasında əvəzsiz xidmətlərindən danışıb.
Səfir, həmçinin təşəbbüs irəli sürərək, yeni salınan bu parkın yaşıllaşdırılmasına digər səfirliklərin də qoşulmasını və gələcəkdə bu ərazinin “xalqlar dostluğu parkı” adlandırılmasını təklif edib.
Qətərin Bələdiyyə Nazirliyinin Parklar Baş İdarəsinin rəisi Məhəmməd Ali Al Xori çıxış edərək, ölkə rəhbərliyi tərəfindən Qətərdə “10 milyon ağac əkək” təşəbbüsünə start verildiyini söyləyib. Bu xüsusda, Azərbaycan səfirliyinin ilk xarici ölkə diplomatik nümayəndəliyi olaraq, Azərbaycanın Ümummilli Liderinin yubileyi ilə əlaqədar ağacəkmə aksiyasının təqdirəlayiq olduğunu bildirib.
Məhəmməd Ali Al Xori Azərbaycan səfirinin ağacəkmə kampaniyasına digər səfirliklərin də qoşulması və parkın “xalqlar dostluğu parkı” adlandırılması təşəbbüsünü dəstəklədiyini qeyd edib və bu ideyanın həyata keçməsi məqsədilə ölkə rəhbərliyinə xüsusi məruzə olunacağını vurğulayıb.
Daha sonra Ümummilli Liderin yubileyi ilə əlaqədar səfirlik tərəfindən xüsusi hazırlanmış xatirə hədiyyələri və Heydər Əliyevin şəkli əks olunan döş nişanları qonaqlara təqdim olunub.
Tədbirin rəsmi hissəsindən sonra bütün iştirakçılar ağacəkmə mərasiminə dəvət olunub və bu ideyanın reallaşmasına öz töhfələrini veriblər. Ağacəkmə mərasimində qətərli məktəblilər xüsusi fəallıqları ilə seçiliblər.
Səfir M.Əliyev tədbirdə iştirak edən “Qatar TV”, “Rayyan TV”, “Al Arabi TV” telekanallarına və “Peninsula” qəzetinə müsahibə verib.