2021-11-10

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib.

Tədbirə Qətərdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və təmsilçiləri, beynəlxalq təşkilatların rəsmiləri, yerli ictimaiyyət nümayəndələri, media mənsubları, iş adamları, eləcə də Qətərdəki Azərbaycan icmasının üzvləri qatılıblar.

Mərasimdə çıxış edən Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov qəhrəman Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasının ilk illərində torpaqlarının işğalı ilə üzləşdiyini, bu ədalətsizliklə heç vaxt barışmadığını diqqətə çatdırıb. “Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək qüdrətini, mətanətini və mübarizliyini bütün dünyaya nümayiş etdirdi”, - deyən səfir bildirib ki, 8 noyabr Şuşanın azad olunması ilə 30 illik işğala son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan əsgərinin qələmə aldığı tarixi bir gündür. Səfir R.İsmayılov, başda qardaş Türkiyə olmaqla, çətin və şərəfli günlərdə siyasi dəstək göstərmiş dövlətlərə və onların xalqlarına minnətdarlığını ifadə edib.

Tədbirdə Türkiyə Respublikası Prezidentinin sözçüsü İbrahim Kalın çıxış edərək, ölkələrimizin qardaşlıq əlaqələrindən danışıb, Azərbaycanın şanlı Zəfərini təbrik edib.

Səfirlikdə ərazilərimizin işğalı dövründə Ermənistan tərəfindən törədilmiş vandalizm və barbarlıq aktlarını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. Sərgini ziyarət edən qonaqlara Ermənistan tərəfindən törədilmiş vandallıq aktları barədə məlumat verilib, həmçinin 44 günlük Vətən müharibəsinin qısa xronologiyasını göstərən ərəb və ingilis dillərində hazırlanmış broşürlər paylanıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi və ondan sonrakı dövrdə xarici media agentliklərinə verdiyi müsahibələrin fraqmentlərindən ibarət videoçarx nümayiş etdirilib.

Zəfər Günü ilə əlaqədar, həmçinin səfirliyin inzibati binası Azərbaycan Respublikasının dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

Arxiv üzrə axtarış