2020-05-01

Qətərin "Əl-Raya" qəzetində səfir Rəşad İsmayılov ilə müsahibə dərc olunub

29 aprel 2020-ci il tarixində Qətərin ərəb dilli "Əl-Raya" qəzetində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılovun  müsahibəsi dərc olunub. Müsahibədə Səfir R. İsmayılov müqəddəs Ramazan ayının fəzilətlərindən geniş söz açıb, onun xeyirxahlıq, güzəşt, məhəbbət və ibadət ayı olduğunu qeyd edib. Səfir bu ilki Ramazan ayının fərqli şəraitdə - dünyada COVID-19 pandemiyasının geniş yayıldığı bir vaxtda qədəm qoyduğuna diqqət çəkərək, bu ayın güclü ruhiyyəsinin pandemiyanın mənfi nəticələrinin azaldılmasında rol oynaya biləcəyini vurğulayıb. Səfir R. İsmayılov virusun ən yaxın zamanda aradan qalxması ilə bağlı diləklərini ifadə edib və pandemiya ilə mübarizə istiqamətində Qətərin aidiyyəti qurumları tərəfindən atılan addımları təqdir edib. O, həmçinin pandemiyanın qarşısının alınması sahəsində Azərbaycanda hərtərəfli tədbirlərin görüldüyünü deyib. Səfir beynəlxalq şərtlər və meyarlar çərçivəsində tətbiq olunan bu məhdudlaşdırıcı tədbirlərə mövcud şəraitdə, o cümlədən Ramazan ayı boyunca riayət etməyin əhalinin sağlamlığının təmini üçün vacib əhəmiyyət daşıdığını vurğulayıb. Səfir Azərbaycan-Qətər münasibətlərinə də toxunaraq, ölkələrimizin möhkəm diplomatik əlaqələrə malik olduğunu qeyd edib. İkitərəfli əməkdaşlığın siyasi, iqtisadi, ticarət, mədəni və s. sahələri əhatə etdiyini deyən səfir, qarşıdakı dövrdə əlaqələrin inkişafı üçün geniş perspektivlər olduğunu ifadə edib. Müsahibənin geniş mətni ilə qəzetin 29 aprel 2020-ci il tarixli sayından tanış olmaq mümkündür.

Arxiv üzrə axtarış