2018-01-15

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumu ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Qaz İxrac edən Ölkələr Forumu (“Gas Exporting Countries Forum” – GECF) ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib.

Müzakirələr Qaz İxrac edən Ölkələr Forumunun baş katibi Yury Sentyurinin Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayevlə görüşündə aparılıb.

Görüş zamanı tərəflər, həmçinin GECF-in missiya və vəzifələri daxil olmaqla bir sıra mühüm məsələləri, eləcə də GECF-in hazırda əsas məqsədlərə nail olmaq üçün həyata keçirdiyi təşəbbüsləri müzakirə ediblər.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas - Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ və 7 müşahidəçi - Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.

 

Arxiv üzrə axtarış