2017-01-31

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclası keçirilib

Yanvarın  31-də Fövqəladə Hallar Nazirliyində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın birinci iclası keçirilmişdir.

Əvvəlcə, Komissiyanın həmsədrləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin təkbətək görüşü olmuşdur. Sonra nazirlər Kəmaləddin Heydərov və Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Taninin həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın hər iki tərəfdən olan üzvlərinin iştirakı ilə birinci iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələrin yüksək templərlə inkişaf etdiyi vurğulanmış, dövlət başçılarının qarşılıqlı səfərləri və bu səfərlər zamanı imzalanan sənədlər, əldə olunan razılaşmalar sayəsində əlaqələrin son illər dinamik şəkildə genişləndiyi xüsusi qeyd edilmiş, Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin 2016-cı ildə ölkəmizə səfərinin uğurla keçdiyi bildirilmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin fevral ayında Qətər Dövlətinə nəzərdə tutulan səfərinin iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə əminlik ifadə edilmişdir.

Qeyd olunmuşdur ki, dövlət başçılarının müdrik təşəbbüsü ilə yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti hər iki dövlət arasında münasibətlərin daha da dərinləşməsinə istiqamətlənmişdir. Bu mənada, Azərbaycanın ixrac yönümlü məhsullarının Körfəz bazarına çıxarılmasının, eyni zamanda Körfəz ölkələri ilə sərmayə əməkdaşlığının təşviq edilməsinin hazırda əsas prioritet istiqamətlərdən olduğu və bu xüsusda dövlət və özəl şirkətlərin səylərinin artırılmasının mühüm əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Həmçinin, qarşılıqlıq prinsipi əsasında Azərbaycan vətəndaşlarına Qətər Dövlətinə daxil olduqda viza verilməsi təklifinə müsbət cavabın verilməsi yüksək qiymətləndirilmişdir.

İclasda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmış və müzakirələrin yekununa dair protokol Komissiyanın həmsədrləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani tərəfindən imzalanmışdır.

 

Arxiv üzrə axtarış