2016-08-30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul etmişdir

Prezident İlham Əliyev mənzil-qərargahı Qətərdə yerləşən Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib. 
 
Seyid Məhəmməd Hüseyn Adeli bundan əvvəl Prezident İlham Əliyev ilə keçirdiyi görüşü xatırlayaraq Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumunda müşahidəçi üzv olmasını məmnunluqla qeyd etdi. Qonaq məlumat verdi ki, gələn il Boliviyada Qaz İxrac edən Ölkələrin Forumunun sammiti keçiriləcək və Azərbaycan bu tədbirə dəvətlidir.
 
Dövlətimizin başçısı son illərdə Azərbaycanın energetika sahəsində, o cümlədən qaz yataqlarının işlənilməsində önəmli hadisələrin baş verdiyini vurğuladı. Bildirildi ki, “Şahdəniz-2” layihəsində işlər uğurla gedir və qarşıdakı illərdə Azərbaycanda qaz hasilatının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Prezident İlham Əliyev qeyd etdi ki, yaxın gələcəkdə “Abşeron” layihəsi üzrə qaz istehsalının başlanması gözlənilir. Beləliklə, Azərbaycan gələcəkdə qaz ixracı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. 
 
Söhbət zamanı qaz və energetika bazarlarındakı tendensiyalar, Azərbaycanın Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığı və bu imkanlardan istifadə etməklə qaz ixracının səmərəliliyinin artırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Arxiv üzrə axtarış