Qətər Dövlətində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar Azərbaycanın Qətərdəki səfirliyində anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycan səfiri Mahir Əliyev Xocalı soyqırımı, Ermənistanın işğalçılıq siyasəti haqqında geniş məlumat verib. O, müstəqilliyimizin ilk dövrlərində dövlətimizə qarşı aparılan ədalətsiz müharibədə Ermənistanın işğalçı qoşunları tərəfindən törədilmiş cinayətlər barədə danışıb. Səfir, 1992-ci ilin fevralın 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərinin işğal edildiyini və yandırıldığını, soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakininin qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, 1275 xocalılının əsir götürüldüyünü qeyd edib.
Səfir dünyanın gözü qarşısında baş verən bu soyqırımının əsl mahiyyətinin yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra açıqlandığını, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini bildirib.
Diqqətə çatdırılıb ki, Xocalı soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Səfir, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının uğurlu fəaliyyətindən danışıb.
Mahir Əliyev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi sayəsində otuzillik həsrətin bitdiyini, torpaqlarımızın işğaldan azad edildiyini, bu gün xalqımızın Xocalı faciəsi qurbanlarının xatirəsini alnıaçıq və başıuca yad etdiyini vurğulayıb.
Daha sonra tədbir iştirakçıları səfirliyin foyesində Xocalı soyqırımı ilə bağlı təşkil edilmiş fotosərgi ilə tanış olublar.
Anım günü ərəfəsində səfirliyin təşəbbüsü ilə Dohadakı “Aişə Bint Abi Baker” məscidində Xocalı qurbanlarının xatirəsi anılıb və ruhlarına dualar edilib.