2023-01-20

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Respublikasının Qətər Dövlətindəki Səfirliyində anım mərasimi keçirilmişdir.

20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycanın Respublikasının Qətər Dövlətindəki Səfirliyində anım mərasimi keçirilmişdir. Mərasimdə Qətərdəki Azərbaycan icmasının nümayəndələri və Səfirliyin əməkdaşları iştirak etmişlər. 

Əvvəlcə 20 Yanvar hadisələri zamanı həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Tədbirdə çıxış edən, Azərbaycan Respublikasının Qətər Dövlətinə yeni təyin olunmuş səfiri Mahir Əliyev Azərbaycanın azadlıq mübarizəsinin tarixi haqda ətraflı məlumat verərək, 20 Yanvar faciəsinin xalqımızın tarixi yaddaşında şanlı səhifələrindən biri olduğunu bildirmiş və 33 il öncə müstəqillik və suverenlik uğrunda mübarizəyə qalxmış xalqımızın başına gətirilən faciədən, Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti haqda tədbir iştirakçılarına geniş məlumat verib. 

Səfir, yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən hərbçilər tərəfindən 147 dinc, əliyalın sakinin vəhşicəsinə qətlə yetirildiyini, 744 nəfərin ağır yaralandığını bildirərək, bu hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev bəyanatla çıxış etdiyini qeyd etmiş, məhz Heydər Əliyevin bəyanatından sonra dünya ictimaiyyətinin Bakıda baş verən qanlı hadisələrdən xəbər tutduğunu diqqətə çatdırıb.   

Faciənin baş verdiyi dövrə nəzər salan Səfir M.Əliyev, o dövrün gərgin ictimai-siyasi hadisələri, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından söz açmış, faciəni törədənlərin məqsədinin Azərbaycan xalqının iradəsini qırmaq, azadlıq eşqini məhv etmək istəyi olduğunu vurğulayıb.  

Səfir, bu gün ölkəmizin Ümummilli Liderin davamçısı olan cənab İlham Əliyev kimi güclü rəhbərinin olduğuna işarə edərək, onun rəhbərliyi altında dünyada Respublikamızın mövqeyinin gündən-günə möhkəmləndiyini və öz sözünü demək imkanlarının olduğunu diqqətə çatdırıb. 

Qeyd etmək istərdik ki, 20 yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar AR Xarici İşlər Nazirliyinin bəyənatı Qətər XİN-ə və ölkədə akkreditə olunmuş xarici ölkələrin diplomatik nümayəndəliklərinə göndərilmişdir.    

Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi açılmışdır.

Arxiv üzrə axtarış