2022-11-03

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci ilin 30 oktyabr tarixində Qətər Dövlətinə rəsmi səfər etmişdir.

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov 2022-ci ilin 30
oktyabr tarixində Qətər Dövlətinə rəsmi səfər etmişdir. Səfər Qətərin Ticarət və
Sənaye nazirinin dəvəti əsasında baş tutmuşdur.
Dohada olduğu müddətdə Nazir Cabbarov Qətərin Baş Naziri və Daxili işlər naziri
Xalid bin Xəlifə bin Əbduləziz Al Tani, Qətər Əmirinin şəxsi nümayəndəsi Şeyx
Jassim Bin Hamad Al-Tani, Ticarət və Sənaye naziri Şeyx Məhəmməd Bin Hamad
Bin Qassim Al-Tani, İnvestisiya Qurumunun (QIA) Baş icraçı direktoru Mansur
İbrahim Al Mahmud, Ticarət və Sənaye Palatasının (Qatar Chamber) Baş Meneceri
Saleh Bin Hamad Al Şargi, habelə “Baladna Food İndustries” şirkətinin icraçı
direktoru Ramez Al Xayyat ilə görüşmüşdür.
Keçirilmiş görüşlər zamanı Azərbaycanla Qətər arasında iqtisadi əməkdaşlığın
hazırkı durumu nəzərdən keçirilərək, əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilərək
genişləndirilməsi imkanları müzakirə edilmişdir. Hər iki tərəf iqtisadiyyat, ticarət,
sənaye, investisiyalar və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə cəlbedici
imkanların olduğunu xususilə qeyd edərək, mövcud geniş potensialdan Azərbaycan
və Qətərin biznes dairələri tərəfindən daha fəal istifadə edilməsinin vacibliyini
vurğulamışlar.
Ticarət və Sənaye Palatasında (Qatar Chamber) baş tutmuş görüş çərçivəsində
“Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Qətərin Ticarət və
Sənaye Palatası (Qatar Chamber) arasında Birgə Biznes Şurasının yaradılması
haqqında Saziş” imzalanmışdır.

Arxiv üzrə axtarış