Qətərdə “Katara” Mədəniyyət Şəhərciyindəki Drama Teatrında “Mahmud və Məryəm” filminin Qətərdə ilk nümayişi keçirilib.
Qətərdə “Katara” Mədəniyyət Şəhərciyindəki Drama Teatrında “Mahmud və Məryəm” filminin Qətərdə ilk nümayişi keçirilib.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə “Şuşa ili” çərçivəsində “Katara” Mədəniyyət Şəhərciyinin Drama Teatrında “Mahmud və Məryəm” filminin Qətərdə ilk nümayişi keçirilmişdir. Ümumiyyətlə, “Mahmud və Məryəm” Dohada nümayiş olunan ilk Azərbaycan filmi hesab olunur.
Filmin təqdimat mərasimində “Katara” Mədəniyyət Şəhərciyinin Baş direktoru D-r Khalid İbrahim Əl-Sulayti, Azərbaycan Respublikasının Qətər Dövlətindəki Fövqəladə və Səlahiyyətli Səfiri Rəşad İsmayılov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə Respublikasının Qətərdəki Səfiri Mehmet Mustafa Göksu, Qətərin bəzi ictimai xadimləri, həmçinin Qətərdə akkreditə olunan bir sıra ölkələrin səfirləri (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Moldova, Ukrayna) və diplomatik heyəti, Qətərdə fəaliyyət göstərən yerli media nümayəndələri, eyni zamanda Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmişlər.
“Mahmud və Məryəm” filminin nümayişindən öncə çıxış edən Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfiri Rəşad İsmayılov göstərdikləri köməkliyə və dəstəyə görə “Katara” Mədəniyyət Şəhərciyi Fondunun Baş direktoru D-r Khalid İbrahim Əl-Sulaytiyə, həmçinin dəvəti qəbul edib gəldikllərinə görə qonaqlara təşəkkür etmişdir. Səfir, daha sonra film haqqında qısaca məlumat verərək, onun Azərbaycan Respublikasının xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı romanı əsasında, türk rejissoru Mehmet Ada Öztekin tərəfindən 2013-cü ildə çəkildiyini və Azərbaycan-Türkiyə tərəfdaşlığında ilk kino layihəsi olduğunu, filmdə baş rolları Aras Bulut İynemli və rus əsilli Eva Dedova paylaşdığını bildirmişdir.
Səfir, “Mahmud və Məryəm” filminin ərəb dilində dublyaj olunaraq, ərəb ölkələrində ilk dəfə olaraq Qətərdə nümayiş olunduğunu diqqətə çatdırmışdır.
Daha sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, filmin nümayişinin yüksək səviyyədə təşkil olunmasında xidmətləri olan Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi və “Katara” Mədəniyyət Şəhərciyi Fonduna dərin təşəkkürlərini çatdırmışdır. O, filmin çəkilişlərinin Azərbaycanın Şəki, Qax, Bakı şəhərlərində həyata keçirildiyini, filmin Türkiyədə 22 mart 2013-cü ildə, Azərbaycanda isə 26 sentyabr 2013-cü ildə nümayiş olunduğunu bildirmişdir.