2022-08-03

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə Qətərdə fəaliyyət göstərən, qeyri hökumət təşkilatı olan “Ajyal” Təhsil Mərkəzi , “Ümid yeri” uşaq sığınacağını ziyarət edib.

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə Qətərdə fəaliyyət göstərən, qeyri hökumət təşkilatı olan “Ajyal” Təhsil Mərkəzi Qətərin müxtəlif yerli orta ümumtəhsil məktəblərində təhsil alan 35 tələbədən və sözügedən təhsil mərkəzinin 5 müəllim heyətindən ibarət qrup Azərbaycana səfər etmiş və səfər çərçivəsində 01 avqust 2022-ci il tarixində Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid Yeri” Uşaq Sığınacağına ziyarət etmişlər.

“Ümid Yeri” Uşaq Sığınacağının rəhbəri Nigar xanım Mənsimova qətərli qonaqları salamlamış və onları uşaq üçün sığınacağında yaradılmış şəraitlə tanış etmişdir.

Daha sonra, sözügedən Mərkəz tərəfindən sığınacağdakı uşaqlara ehtiyac duyduqları yardımlar, o cümlədən məişət texnikası, kompüter, televizor, geyim əşyaları və s. təqdim olunmuşdur.

Öz növbəsində, Qətərli qonaqlara “Ümid Yeri” Uşaq Sığınacağının sakinləri tərəfindən hazırlanmış, Qətərin bayrağı və loqosu təsvir olunan xalça hədiyyə olunmuşdur.

Qeyd etmək lazımdır ki, “Ümid Yeri” Uşaq Sığınacağı ilə ölkəmizin Qətərdəki səfirliyi arasında əməkdaşlıq genişlənməkdədir. Belə ki, 2022-ci ilin avqust ayının sonunda “Şuşa ili” çərçivəsində Doha şəhərində sığınacaqdakı uşaqların əl işlərindən ibarət sərginin təşkil olunması nəzərdə tutulub. ​

“Ajyal” Təhsil Mərkəzindən verilən məlumata görə, Azərbaycana səfərin məqsədi, qətərli tələbələri xeyriyyə proqramlarına cəlb etmək, onları könüllü təşəbbüslərə həvəsləndirməkdir. Səfər zamanı qətərli tələbələrin həmçinin Bakı, Şəki və Qəbələ şəhərlərinə mədəniyyət turu təşkil olunmuşdur.

Arxiv üzrə axtarış