2022-03-28

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab Fariz Rzayev 25-28 mart 2022-ci il tarixlərində Qətər Dövlətinə işgüzar səfər edib.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini cənab Fariz Rzayev 25-28 mart 2022-ci il tarixlərində Qətər Dövlətinə işgüzar səfər edib. F.Rzayev səfər zamanı Qətərdə keçirilən 20-ci Doha Forumunda iştirak edib və təbdirdə çıxış edib.
F.Rzayev çıxışı zamanı 44 günlük Vətən müharibəsinin nəticələri, post münaqişə dövründə Azərbaycanın konstruktiv mövqeyi, torpaqların minalardan təmizlənməsi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri barədə geniş məlumat vermişdir.

Dialoq üzrə qlobal platforma olan 20-ci Doha Forumu “Yeni dövr üçün transformasiya” mövzusunda təşkil olunmuşdur. Forumda geosiyasi biliklər və beynəlxalq əlaqələr, maliyyə sistemi və iqtisadi inkişaf, müdafiə, kiber və ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi və davamlılıq məsələləri müzakirə olunmuşdur. Sözügedən Forumda dünya ölkələrindən dövlət və hökumət başçıları, siyasətçilər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər və nümayəndələri iştirak etmişlər.

Qətərə səfəri çərçivəsində F.Rzayev bu ölkənin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Əl-Mureyxi ilə görüşmüşdür. Görüş zamanı ikitərəfli əlaqələrin inkişaf istiqamətləri müzakirə olunmuşdur.

F. Rzayev, həmçinin Qətərdəki Georgetown Universitetinin Doha filialini ziyarət etmiş, Universitetin beynəlxalq və regional araşdırmalar mərkəzinin rəhbərliyi ilə görüşmüşdür. Görüşdə, Georgetown Universiteti ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb.

Bütün keçirilən görüşlərdə Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri cənab Rəşad İsmayılov da iştirak etmişdir.

Arxiv üzrə axtarış