Qətərin Şeyx Faysal Muzeyində Azərbaycan guşəsinin açılış mərasimi keçirilmişdir.
16.02.2022 tarixində Qətər Dövlətinin dünyaca məhşur və görkəmli muzeyi sayılan Şeyx Faysal Muzeyində Azərbaycan guşəsinin açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının Qətərdəki Səfirliyinin təşkilatçılığı ilə baş tutmuş tədbirdə Faysal Muzeyinin qurucusu Şeyx Faysal bin Qassim Al Tani, Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov, Qətərdəki diplomatik korpusun üzvləri, diplomatlar, Qətər ictimaiyyətinin nümayəndələri, Qətərdə yaşayan Azərbaycanlılar və mətbuat nümayəndələri iştirak etmişdir. Açılış mərasimindən öncə çıxış edən Azərbaycan Respublikasının Qətərdəki səfiri Rəşad İsmayılov iki ölkə arasında bütün sahələrdə yüksələn xətlə davam edən əlaqələrdən söhbət açmış və bu əlaqələrin mədəni sahədə də uğurla davam etdiyini vurğulamışdır. Səfir qeyd etmişdir ki, dünyanın tanınmış Şeyx Faysal muzeyində Azərbaycan mədəniyyəti və tarixinə aid nümunələrin sərgilənməsi və təbliğ edilməsi bu əlaqələrin daha da möhkəmlənməsinin bariz nümunəsidir. Səfir yaradılmış şərait və imkana görə Qətər tərəfinə və əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir. Sonra tədbirdə çıxış edən muzeyin qurucusu Şeyx Faysal bin Qassim Al Tani öz ürək sözlərini ifadə edərək, bu cür eksponantları muzeydə sərgiləməkdən məmnunluq hissi keçirdiklərini qeyd etmişdir. Daha sonra səfir və Faysal muzeyinin qurucusu Şeyx Faysal bin Qassim Al Tani muzeyin əsas hissəsində yaradılmış Azərbaycan guşəsinin açılışını bildirən rəmzi lenti kəsmiş və qonaqlarla birlikdə eksponantlara baxış keçirmişdirlər. Burada sərgilənən məlumatlar və eksponantları özündə əks etdirən guşə ilə yaxından tanışlıq qonaqlarda zəngin təəsürat yaratmışdır. Muzey ilə tanış olan iştirakçılar burada olan nadir eksponanları maraqla izləmişlər. Tədbirin sonunda qonaqlar xatirə şəkli çəkdirmişdir.