2022-01-27

Qətərdə 20 Yanvar şəhidlərimizin xatirəsi anılıb

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar, Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi tərəfindən Qətərdə yaşayan soydaşlarımızla virtual görüş təşkil edilib.

Görüşdə çıxış edən səfir Rəşad İsmayılov Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsindən söz açıb. Səfir 20 Yanvar 1990-cı ilin Azərbaycan tarixində milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olduğunu bildirib. O, qeyd edib ki, Sovet imperiyası günahsız insanların qanını axıtsa da, əsla xalqın iradəsini boğa bilməmişdir.

Səfir əlavə edib ki, tarix boyu uca millətimizin əzmini qırmaq istəyən mənfur düşmənlərimiz heç bir zaman istəklərinə nail ola bilməmişlər.

O, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və sərkərdəliyi altında Vətən Müharibəsində əldə olunan qələbədən söz açaraq, müharibə və ondan sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində soydaşlarımızın rolunu vurğulayıb və buna görə təşəkkürünü bildirib.

Səfir R.İsmayılovun çıxışından sonra soydaşlarımız Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Şəhidlərimizin ruhunu dərin ehtiram və minnətdarlıqla yad ediblər.

 

 

Arxiv üzrə axtarış