2021-12-10

Azərbaycan və Qətər arasında muzey işi sahəsində əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub

Qətər Dövlətində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Qətər Muzeylərinin Baş icraçı direktoru Əhməd Musa Əl-Nəmlə ilə görüşüb.

Görüşdə Azərbaycan və Qətər arasında mədəni əməkdaşlığın, o cümlədən muzey işi sahəsində əlaqələrin inkişaf istiqamətləri və perspektivləri müzakirə edilib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev qloballaşan dünyada mədəni unikallığın qorunması və mühafizə edilməsinin əhəmiyyətindən danışıb. Ortaq mədəni dəyərlərin xalqları bir-birinə yaxınlaşdırdığını qeyd edərək, bu xüsusda mədəniyyətin körpü rolu oynadığını vurğulayıb. Nazirin birinci müavini cari ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan olunduğunu bildirərək, dahi mütəfəkkirin yaradıcılığının ümumbəşəri dəyərlərə xidmət etdiyini söyləyib. E.Əliyev Azərbaycan mədəniyyəti, incəsənəti və tarixi, o cümlədən Vətən müharibəsində əldə olunmuş şanlı Qələbə və Qarabağ həqiqətləri barədə həmsöhbətinə ətraflı məlumat verib.

Öz növbəsində, Qətər Muzeylərinin Baş icraçı direktoru Əhməd Musa Əl-Nəmlə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyətinin Qətərə səfəri və keçirilmiş görüşlərin yüksək əhəmiyyətini vurğulayıb. Bu növ fəaliyyətlərin xalqların bir-birini yaxından tanımasına mühüm töhfə verdiyini bildirən Əl-Nəmlə, mövcud əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanın Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Səfirliyin nümayəndələri iştirak ediblər.

Arxiv üzrə axtarış