2021-11-10

Səfir R.İsmayılovun Zəfər Günü ilə bağlı yazısı dərc olunub

Qətərin çoxsaylı oxucu kütləsinə malik nüfuzlu “The Peninsula” qəzetində Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılovun müəllif yazısı dərc olunub.

Səfir yazıda Azərbaycan xalqının tarixi Qələbəsindən bəhs edib. O bildirib ki, qəhrəman Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının ilk illərində torpaqlarının işğalı ilə üzləşsə də, bu ədalətsizliklə heç vaxt barışmayıb və tarixi ədaləti bərpa edib.

Azərbaycana gəldikdə ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn əsas norma və prinsiplərinin lazımi dəstək almadığını təəssüflə qeyd edən səfir, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğala son qoyulduğunu ifadə edib.

“Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək qüdrətini, mətanətini və mübarizliyini bütün dünyaya nümayiş etdirdi”, - deyə qeyd edən səfir bildirib ki, 2020-ci il noyabrın 8-i 30 illik işğala son qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyevin və şanlı Azərbaycan əsgərinin qələmə aldığı tarixi bir gündür.

Səfir R.İsmayılov, həmin çətin və şərəfli günlərdə siyasi dəstək göstərmiş dövlətlərə və onların xalqlarına minnətdarlığını ifadə edib.

Daha sonra o, Ermənistanın işğalı dövründə ərazilərimizdə törədilmiş vandallıq aktları və dağıntılara toxunub, hazırda işğalın acı nəticələrinin aradan qaldırılması istiqamətində görülməkdə olan yenidənqurma və bərpa işlərindən danışıb. Füzuli Beynəlxalq Hava Limanının açılışının baş tutduğunu, Laçın və Zəngilan hava limanlarının təməlinin atıldığını, yeni magistral və dəmiryolların çəkildiyini, eləcə də “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ilə yeni yaşayış məntəqələrinin salındığını vurğulayıb. “Biz Azərbaycanın bu bölgəsinə həyatı qaytaracağıq; yaşadığımız bütün bölgəyə sülh və inkişaf gətirəcəyik”, - deyə səfir yazısının sonunda bildirib.

Arxiv üzrə axtarış