2021-07-16

Qətər qəzetində Oxçuçay ekoloji fəlakəti haqqında məqalə dərc edilib

14 iyul 2021-ci il tarixində Qətərin nüfuzlu “The Peninsula” qəzetində “Azərbaycan Oxçuçayın transsərhəd çirklənməsi ilə bağlı həyəcan təbili çalır” başlıqlı məqalə dərc edilib.

Məqalədə Oxçuçay ilə bağlı ümumi-coğrafi məlumatlar verilib, onun böyük hissəsinin Ermənistan ərazisində yerləşdiyi, aşağı axarının Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonu ərazisinə axdığı bildirilib.

Oxçuçayın transsərhəd çay olaraq, Ermənistan ərazisindəki sənaye obyektləri tərəfindən ciddi şəkildə çirkləndirildiyi qeyd edilərək, bunun Azərbaycan ərazisindəki su ehtiyatlarını istifadəyə yararsız hala gətirdiyi vurğulanıb. Oxçuçayın çirkləndirilməsinin Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərdiyi qeyd edilib.

Yazıda bildirilib ki, Ermənistandakı Zəngəzur Mis Molibden Mədəni və Qafan Mədən və Emal Zavodunun Oxçuçayın yuxarı hissəsinə ağır metallar buraxması təkcə flüvial faunanı məhv etmir, həm də insan sağlamlığı üçün son dərəcə təhlükəlidir.

Yazıda, həmçinin göstərilib ki, 2021-ci ilin yanvar-mart ayları ərzində çayın suyundan götürülmüş nümunələrin laborator analizləri suda yüksək miqdarda ağır metalların, o cümlədən, mis, molibden, manqan, dəmir, sink və xromun olduğunu aşkar etmişdir.

Məqalədə Azərbaycan tərəfinin Oxçuçayın kritik vəziyyəti və onun çirkləndirilməsinin ekoloji təhlükələri ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdiyi əlavə edilib.

Arxiv üzrə axtarış