2021-06-01

28 May - Respublika Günü münasibətilə Azərbaycanın Qətərdəki Səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib

28 May - Respublika Günü münasibətilə Azərbaycanın Qətərdəki Səfirliyi tərəfindən rəsmi qəbul təşkil edilib

Qəbulda əsas qonaq qismində Qətərin inzibati inkişaf, əmək və sosial məsələlər naziri cənab Yusuf bin Məhəmməd Əl-Osman Faxru iştirak edib. Tədbirə, həmçinin Qətərdəki diplomatik korpusun duayeni, ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Hər iki dövlətin himnlərinin səsləndirilməsindən sonra açılış nitqi ilə çıxış edən səfir Rəşad İsmayılov qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib. Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycan və dünya üçün əlamətdar hadisə olduğunu bildirən diplomat onun müsəlman Şərqində ilk demokratik respublika olduğunu xatırladıb.

Səfir 1991-ci ildə Azərbaycanın müstəqilliyini yenidən qazanmasından sonra üzləşdiyi çətinliklər və ərazilərimizin işğalı haqqında danışıb, xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizin inkişaf və sabitlik mərhələsinə qədəm qoyduğunu bildirib. Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətli inkişafa nail olduğunu diqqətə çatdırıb.

Bu il Respublika Gününün əvvəlkilərdən xüsusi əhval-ruhiyyədə qeyd olunduğunu bildirən səfir, Vətən müharibəsində qazanılmış şanlı Zəfərdən danışaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun təxminən 30 illik işğala son qoyduğunu qeyd edib. Diplomat, eyni zamanda, Ermənistanın üçtərəfli Bəyanatın tələblərini pozaraq törətdiyi təxribatçı əməllər barədə qonaqları məlumatlandırıb.

Azərbaycan-Qətər diplomatik münasibətlərindən danışan səfir ölkələrimiz arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, xüsusilə Qətər Əmirinin 2016-cı ilin martında ölkəmizə, Azərbaycan Prezidentinin isə 2017-ci ilin fevralında Qətərə səfərlərinin ikitərəfli əlaqələrin dərinliyinin təzahürü olduğunu və həmin səfərlərin qarşılıqlı əməkdaşlığın daha da inkişafında xüsusi rol oynadığını qeyd edib.

Tədbir ziyafətlə davam edib.

Arxiv üzrə axtarış