2021-05-28

Qətər mətbuatında 28 May – Respublika Günü ilə bağlı geniş məqalələr dərc olunub

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun bu ölkənin ingilis dilində çap olunan “Gulf Times” və "Peninsula”, həmçinin ərəb dilində çap olunan "Əl-Şərq", "Əl-Raya", "Əl-Vatan" və "Lusailnews" qəzetlərində 28 May – Respublika Günü ilə əlaqədar geniş müsahibələri dərc olunub.

Müsahibələrində səfir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi və nailiyyətləri, Vətən müharibəsində əldə olunmuş Qələbə, eləcə də Azərbaycan - Qətər münasibətlərinin siyasi-iqtisadi aspektləri barədə ətraflı danışıb.

Diplomat AXC-nin müsəlman dünyasında ilk parlamentli demokratik respublika olduğunu bildirərək, qısa dövr ərzində dövlət quruculuğu, insan və vətəndaş hüquqlarının müdafiəsi, təhsil, diplomatik əlaqələrin qurulması, dünya dövlətləri tərəfindən tanınması istiqamətlərində əldə etdiyi uğurları qeyd edib.

“Gulf Times” və "Peninsula" qəzetlərində dərc olunmuş məqalələrdə səfir R.İsmayılov Azərbaycanın Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən söz açıb. O bildirib ki, erməni işğalı nəticəsində şəhər və kəndlər yerlə-yeksan edilib, tarixi-mədəni və dini irs vandallığa məruz qalıb, məscidlər dağıdılıb. Ağdam şəhəri əcnəbi ekspertlər tərəfindən "Qafqazın Hiroşiması" adlandırılır. Səfir işğaldan azad edilmiş torpaqlarda aparılan yenidənqurma işlərinə toxunaraq, ağıllı şəhər, ağıllı kənd və yaşıl enerji konseptlərini qeyd edib. Dost Qətər Dövlətindəki şirkətləri irimiqyaslı yenidənqurma işlərinə qoşulmağa çağırıb.

Müsahibələrində səfir, həmçinin Azərbaycan və Qətər arasındakı investisiya, ticarət, nəqliyyat və turizm sahələrindəki əməkdaşlıqdan geniş söz açıb, icra edilməkdə olan və planlaşdırılan layihələrdən danışıb.

Arxiv üzrə axtarış