2021-03-19

Qətərdə Azərbaycan Ticarət Evinin təsis edilməsi perspektivləri müzakirə olunub

2021-ci ilin 17 yanvar tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin dəstəyi və təşəbbüsü ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Qətərin “Ali Bin Ali Holding” arasında Qətərdə Azərbaycan Ticarət Evinin təsis edilməsi perspektivlərinin müzakirəsi məqsədilə videokonfrans formatında görüş təşkil olunmuşdur. Görüşdə tərəflər Azərbaycan Respublikasında istehsal edilən yüksək keyfiyyətli məhsulların Qətər bazarına çıxarılmasının önəmini vurğulamış, Qətərin ərzaq təhlükəsizliyinin təminində coğrafi yaxın dost Azərbaycan Respublikasından ixrac ediləcək məhsulların əhəmiyyətini xüsusi qeyd etmişlər.

Görüşdə çıxış edən AZPROMO-nun prezidenti v.i.e. Yusif Abdullayev və "Ali Bin Ali Holding”-in vitse-prezidenti Nabil Xamas hər iki ölkənin maraqlarına xidmət edəcək Ticarət Evinin yaradılmasının Azərbaycan məhsullarının Qətər bazarında geniş şəkildə təşviq edilmısinə zəmin yaradacağını və nəticə etibarı ilə ticarət əlaqələrinin genişlənməsinə səbəb olacağını vurğulamışlar. Bu xüsusda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün Ticarət Evinin fəaliyyətinin təmin edilməsi istiqamətində aparılan işlərin sürətləndirilməsini zəruri hesab etmişlər.

Azərbaycanın Qətərdəki Səfiri Rəşad İsmayılov Qətərdə Azərbaycan Ticarət Evinin yaradılmasının iqtisadi əlaqələrin genişlənməsində önəmini qeyd edib, iş adamlarını bu imkandan yararlanmağa dəvət edib. Səfir həmçinin, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması, Azərbaycanda istehsal olunan məhsulların ixracının təşviqi və genişləndirilməsi, satışının təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin yaradılmasının iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına böyük təkan verəcəyini vurğulayıb. Əməkdaşlığın inkişaf perspektivlərindən danışan Rəşad İsmayılov ölkələrimiz arasında sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm və digər sahələrdə böyük potensialı diqqətə çatdırıb.

Arxiv üzrə axtarış