2021-03-10

Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı çoxsaylı kitab Qətər Milli Kitabxanasına hədiyyə edilib

Azərbaycanın zəngin tarixi və mədəniyyəti, habelə siyasəti, iqtisadiyyatı və Dağlıq Qarabağ mövzusu ilə bağlı çoxsaylı kitab Qətər Milli Kitabxanasına hədiyyə edilib.

Qətər Milli Kitabxanasında baş tutmuş tədbirdə Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təqdim edilmiş müxtəlif mövzuları əhatə edən, əsasən, ingilis və ərəb dillərində olan 70 kitabı Qətərin dövlət naziri, QMK-nin prezidenti dok. Həməd bin Əbdüləziz Əl-Kavariyə təqdim edib.

Tədbirdə çıxış edən səfir mədəni fəaliyyətlərin xalqlar arasındakı əlaqələrin möhkəmləndirilməsində əvəzolunmaz rolunu vurğulayıb. O, bildirib ki, təqdim edilən kitablar Azərbaycanın tarixi, siyasəti, mədəniyyəti və incəsənəti ilə bağlı ictimai bilikləri dərinləşdirməyi hədəfləyir. Səfir Rəşad İsmayılov sözügedən mənbələrin kitabxananın oxucuları üçün Azərbaycanla daha yaxından tanış olmaq imkanı yaradacağına əminliyini ifadə edib. O, bu təşəbbüsün baş tutmasına görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Qətər Milli Kitabxanasının rəhbərliklərinə təşəkkür edib.

Öz növbəsində dövlət naziri Həməd Əl-Kavari qeyd edib ki, Ön Asiya regionu ərəb və islam mədəniyyətləri ilə köklü tarixi bir əlaqəyə malikdir və bu, həmin regionun ölkələri ilə kitab və bilik mübadiləsində xüsusi əhəmiyyət kəsb edir. O, Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə bağlı kitabları paylaşdığına görə Səfirliyə təşəkkür edib.

Qeyd edək ki, hədiyyə edilmiş kitablar arasında Azərbaycan həqiqətləri, Qarabağ tarixi, Xocalı soyqırımı ilə bağlı kitablar da olub.

Kitabların rəsmi təqdimat mərasimindən sonra səfir R.İsmayılov Qətər Milli Kitabxanası ilə yaxından tanış olub. Burada səfirə kitabxananın elektron imkanları, elektron kitabxana, tətbiq edilən qabaqcıl təcrübələr, habelə istifadəçilərə göstərilən xidmətlər haqqında məlumat verilib. Səfir kitabxanının şöbələrində və oxu zallarında olub, həmçinin kitabxanada saxlanılan nadir əlyazma nüsxələri ilə tanış olub.

Tədbir Qətər mətbuatında da geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış