2021-02-23

Azərbaycan və Qətər arasında Sərmayələr üzrə Birgə İşçi Qrupun ikinci iclası keçirilib

2021-ci ilin 22 fevral tarixində Doha şəhərində Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın çərçivəsində fəaliyyət göstərən Sərmayələr üzrə Birgə İşçi Qrupun 2-ci iclası təşkil olunmuşdur (videokonfrans formatında). İclas zamanı Azərbaycanla Qətər arasında ticarət, turizm, kənd təsərrüfatı, energetika və digər sahələr üzrə ikitərəfli investisiya əməkdaşlığı nəzərdən keçirilmiş, bu istiqamətdə cəlbedici potensialın və perspektivin olduğu qeyd edilərək mövcud əlaqələrin inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılmışdır. Nümayəndə heyətlərinin üzvləri təmsil etdikləri qurumların fəaliyyət və maraq dairələri barədə məlumat vermiş, ikitərəfli investisiya əməkdaşlığının inkişaf etdirilməsinə maraqlarını ifadə edərək müvafiq fəaliyyəti gücləndirməyə hazır olduqlarını bildirmişlər.  

Azərbaycanın Qətərdəki Səfiri cənab Rəşad İsmayılov tədbir iştirakçılarına müraciət edərək iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən investisiyalar üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş və bu istiqamətlərdə irəliləyişə nail olmaq üçün atıla biləcək addımlara dair fikirləri ilə bölüşmüşlər. 

Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən əlaqələndiricisi olan Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi altında keçmiş toplantıda ölkəmizin bir neçə dövlət qurumunun nümayəndələri Qətər tərəfi ilə əməkdaşlıq imkanları barədə fikirlərini söyləmiş, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Dövlət Turizm Agentliyi isə ölkəmizdəki investisiya layihələri barədə ətraflı təqdimatlarla çıxış etmişlər. 

Görüşün nəticəsi olaraq, müzakirə olunmuş məsələlərin hər iki tərəfdən nəzarət altında saxlanılması və konkret investisiya layihələrinin müzakirəsi məqsədilə müvafiq qurum və şirkətlər arasında birbaşa əlaqənin yaradılması razılaşdırılmışdır.    

Arxiv üzrə axtarış