2021-01-12

Əl-Cəzirədə Şuşa şəhəri ilə bağlı məqalə dərc olunub

Aljazeera.net saytında "Qafqaz irsinin açıq hava muzeyi .. Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı" adlı məqalə dərc olunub.

Məqalədə Qarabağın qədim dövrlərdən bəri mədəniyyət və sivilizasiya mərkəzi olduğu deyilərək, Qarabağ xanlığı və Şuşa şəhərinin tarixi barədə məlumat verilib, Şuşanın memarlıq üslubu və ərazidəki tarixi abidələrdən söz açılıb. Monastır, kilsə, məqbərə, məscid və qədim yaşayış evlərinin yerləşdiyi Qarabağ açıq hava muzeyinə bənzədilib.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi, cari ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını verməsi, habelə Şuşa şəhərinin bərpası işlərinin başlanması və ermənilərin dağıtdığı tarixi və mədəni abidələrin əslinə uyğun şəkildə bərpasının vacibliyi istiqamətindəki tövsiyələri qeyd olunub.

Məqalədə Şuşa şəhərinin erməni qüvvələri tərəfindən 1992-ci ildə işğal edildiyi bildirilərək, şəhərin strateji mövqe baxımından böyük əhəmiyyət daşıdığı, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin simvolu olduğu vurğulanıb, onun 2020-ci ilin 8 noyabr tarixində işğaldan azad edildiyi diqqətə çatdırılıb.

Arxiv üzrə axtarış