Şanlı qələbə Qətərdə də qeyd olunub
Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri Vətən müharibəsində ordumuzun əldə etdiyi şanlı qələbəni böyük sevinc və fərəh hissi ilə qeyd ediblər.
Soydaşlarımız paytaxt Doha şəhərinin küçələrində üzərlərində Azərbaycan və Türkiyə bayraqları dalğalanan nəqliyyat vasitələri ilə yürüş ediblər.
Bu münasibətlə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov qeyd edib ki, “Bu gün ürəyi doğma vətən eşqi ilə döyünən hər bir azərbaycanlı müzəffər Ali Baş Komandanımız və şanlı ordumuzun tarixi qələbəsini qürur hissi ilə dünyanın bir çox ölkələrində, o cümlədən Qətərdə qeyd edir".
Yürüşdə iştirak edən soydaşlarımız Qarabağın Azərbaycanın əzəli və ayrılmaz bir parçası olduğunu vurğulayaraq, 30 ilə yaxın davam etmiş ayrılıqdan sonra tarixi ədalətin bərpa olunmasından hədsiz sevinc duyduqlarını ifadə ediblər.