2020-10-26

“Al Jazeera English” kanalının veb-saytında Dağlıq Qarabağla bağlı məqalə dərc olunub

Al Jazeera English” kanalının veb-saytında Dağlıq Qarabağla bağlı məqalə dərc olunub. Məqalədə Dağlıq Qarabağdakı münaqişəsinin tarixi və hüquqi aspektlərinə nəzər salınıb, problemin mənşəyinin Ermənistanın Azərbaycanın suveren ərazilərini işğal etməsi ilə bağlı olduğu bildirilib.

Yazıda Ermənistanən “xristian kartı”na oynayaraq müsəlman Azərbaycanla mübarizəsini “sivilizasiyaların toqquşması" kimi qələmə verməyə çalışdığı qeyd edilib. Lakin münaqişənin kökləri dini fərqliliklərdə deyil, bu səbəbdən də sözügedən təbliğat işə yaramır.

Məqalədə 1920-ci ildə Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradıldığı qeyd edilib, Qafqaz Komitəsinin 1921-ci il tarixli qərarı şərh olunub. Diqqətə çatdırılıb ki, bu qərar bəzilərinin iddia etdiyi kimi, DQMV-nin Azərbaycan SSR-in tərkibinə verilməsini və ya qatılmasını deyil, onun Azərbaycanın daxilində qalmasını təsdiq edir. Bu isə öz növbəsində sübut edir ki, sözügedən ərazi Azərbaycanın bir hissəsi olub.

Yazıda, həmçinin ermənilərin ötən əsrin 80-ci illərinin sonlarından etibarən başlayan “müstəqillik” cəhdləri şərh edilərək, bu cəhd və iddiaların hüquqi baxımdan tamamilə əsassız olduğu göstərilib. Qeyd edilib ki, SSRİ-nin süqutundan sonra erməni qüvvələri Xocalı şəhərində dinc əhaliyə qarşı qırğınlar törədib, etnik təmizləmə siyasəti aparıb. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi xatırladılaraq, erməni qoşunlarının bu sənədlərin tələblərinə məhəl qoymayaraq Azərbaycanın torpaqlarını işğal altında saxladığı bildirilib. “SSRİ-nin dağılmasından sonra Azərbaycan və Ermənistan sovet dövründəki sərhədləri çərçivəsində müstəqil dövlətlər kimi tanındılar. Bu, o deməkdir ki, beynəlxalq hüquq Dağlıq Qarabağı Azərbaycanın suveren ərazisi kimi, bu torpaqlarda erməni hərbi qüvvələrinin mövcudluğunu isə işğal faktı kimi tanıyır”, - deyə qeyd olunan məqalədə Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, özünümüdafiə məqsədilə müvafiq tədbirlər görmək hüququna malik olduğunu bildirilib.

Yazıda azərbaycanlı qaçqın və məcburi köçkünlər barədə də danışılıb, Azərbaycanda on minlərlə etnik erməninin yaşadığı qeyd olunub.

Daha sonra iyul döyüşləri, xarici dövlətlərin Ermənistana hərbi yardımları, N.Paşinyan və onun hökumətinin danışıqlar prosesini pozan təxribatçı əməl və davranışları, eləcə də hazırkı hərbi toqquşmaların səbəbləri barədə ətraflı söz açılıb.

Arxiv üzrə axtarış