Müsəlman Alimlərinin Beynəlxalq Birliyi təşkilatı Ermənistanın Azərbaycana təcavüzünü qınayan bəyanat qəbul etmişdir
Qərargahı Qətərin paytaxtı Doha şəhərində yerləşən, özündə 93 ölkədən on minlərlə islam alimi və onlarla islam alimləri birliklərini cəmləşdirən "Müsəlman Alimlərinin Beynəlxalq Birliyi" təşkilatı 10 oktyabr 2020-ci il tarixində Ermənistanın təcavüzkar əməllərini qınayan və onu işğal etdiyi Azərbaycan ərazilərindən çəkilməyə çağıran bəyanat qəbul etmişdir.
Bəyanatda təşkilat erməni işğalı və təcavüzünü qınayaraq, zülm və işğalın məhvə məhkum olduğunu bildirmiş, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və heç vaxt Ermənistana tabe olmadığını vurğulamışdır. Bəyanatda BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistanı işğal etdiyi ərazilərdən çəkilməyə çağırdığı qeyd olunmuşdur.
BMT, Avropa Şurası, İslam Əməkdaşlığı Təşkilatı və s. kimi beynəlxalq təsisatların oxşar qərarlarına, eləcə də beynəxalq hüquqa istinad edilərək, Ermənistanın işğalçı və təcavüzkar dövlət sayıldığı qeyd olunmuşdur.
Təşkilat Ermənistanı dərhal işğal etdiyi ərazilərdən çəkilməyə, Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf etməyə və bu istiqamətdə danışıqlara başlamağa çağırmışdır. Bəyanatda təşkilat, həmçinin sülhün və əmin-amanlığın bərqərar olması üçün tərəfləri döyüşləri dayandırmağa çağırmışdır.