Qərargahı Doha şəhərində yerləşən tanınmış Müsəlman Alimlərinin Beynəlxalq Birliyi (IUMS) təşkilatı öz rəsmi saytında Ermənistanın son təxribatçı əməlləri barədə yazı dərc edib.
Qərargahı Doha şəhərində yerləşən tanınmış Müsəlman Alimlərinin Beynəlxalq Birliyi (IUMS) təşkilatı öz rəsmi saytında (https://www.iumsonline.org/ar/ContentDetails.aspx?ID=11992), eləcə də “facebook” sosial şəbəkəsi üzərindəki rəsmi səhifəsində (https://www.facebook.com/185412838158455/posts/3465243466842026/?d=n) Ermənistanın son təxribatçı əməlləri barədə yazı dərc edib. Yazıda bildirilib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma cəhd edib. Məqalədə hücumun qarşısının alındığı və erməni ordusunun itkilər verərək geri oturdulduğu, o cümlədən onlarla döyüşçü, hərbi texnika və qərargah itirdiyi bildirilib. Daha sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatına istinadən qeyd edilib ki, Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamıdır. Əlavə edilib ki, Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Məqalədə o da yazılıb ki, Ermənistan təcavüzkar siyasətini özünün təhlükəsizlik strategiyasında əks etdirib.
Yazıda, həmçinin 13 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə ölkənin Təhlükəsizlik Şurasının iclasının keçirildiyi bildirilib və Prezident İlham Əliyevin çıxışından sitatlar verilib. Ermənistanın bir tərəfdən beynəlxalq ictimaiyyətə müraciət edərək, atəşkəs rejiminin möhkəmləndirilməsi üçün kömək xahiş etdiyi, digər tərəfdən hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istədiyi, mülki əhalini atəşə tutduğu qeyd olunub. Məqalədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, işğal nəticəsində minlərlə azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşməsi, münaqişə zamanı 30 minə yaxın insanın həyatını itirməsi qeyd olunub. İşğal olunmuş ərazilərdə Azərbaycanın dini və mədəni abidələrinin, o cümlədən məscidlərin, müsəlman qəbiristanlıqlarının və s. dağıdıldığı, xarab edildiyi vurğulanıb.
Qeyd etmək lazımdır ki, qərargahı Doha şəhərində yerləşən IUMS-ın dünyanın 70-dən çox ölkəsində minlərlə üzvü vardır. Təşkilatın müxtəlif ölkələrdə büro və nümayəndəlikləri fəaliyyət göstərir. Geniş auditoriya və oxucu kütləsinə malik olan təşkilatın sözügedən məqaləsi Azərbaycan həqiqətləri ilə bağlı müsəlman dünyasında məlumatlılığının artırılması işinə töhfə vermişdir.