Azərbaycanın Qətərdəki səfiri 28 May-Respublika Günü münasibəti ilə Qətərdəki Azərbaycan icmasının nümayəndələri ilə virtual görüş kecirib.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov 28 May – Respublika Günü münasibəti ilə Qətərdə yaşayan soydaşlarımız ilə virtual görüş keçirib.
Səfir R.İsmayılov Respublika günü münasibəti ilə videokonfransda iştirak edən həmvətənlərimizi salamlayaraq, onları səmimi qəlbdən təbrik edib, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyəti və nailiyyətlərindən danışıb. Şərqdə ilk demokratik quruluşlu respublika olan gənc AXC-nin dövlət quruculuğu, ordu təşkili, təhsil, beynəlxalq münasibətlər və s. istiqamətlərdə uğurlarını qeyd edən səfir, təəssüflə cümhuriyyətin ömrünün az olduğunu bildirib.
Səfir vurğulayıb ki, 1990-cı il noyabrın 17-də, ulu öndər Heydər Əliyevin sədrlik etdiyi Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, cümhuriyyət dövründə yaradılmış milli bayrağımız yenidən qaldırılıb. O, ümummilli lider Heydər Əliyevin cümhuriyyət ideyalarına yüksək ehtiramını vurğulayaraq, onun AXC-nin 80 illiyinin keçirilməsi, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamlar imzaladığını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bu siyasəti ardıcıllıqla davam etdirdiyini deyən səfir, dövlət başçısı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik və 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalanmasını, 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasını misal göstərib.
Daha sonra Qətərdə yaşayan Azərbaycan icmasının üzvləri 28 May – Respublika Günü münasibəti ilə öz ürək sözlərini və təbriklərini çatdırıblar. Cümhuriyyətin Azərbaycan xalqının dövlətçilik tarixində tutduğu önəmi qeyd edən soydaşlarımız, Azərbaycan Xalq Cümhuriyyəti ideallarının və məramlarının yaşadığını bildiriblər.
Görüşün sonunda səfir Rəşad İsmayılov həmvətənlərimizi maraqlandıran sualları cavablandırıb.