2020-02-28

AR-in Qətərdəki Səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir zamanı ilk öncə Xocalı faciəsinin qurbanları və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra səfir Rəşad İsmayılov  çıxış edərək, Xocalı faciəsi və Azərbaycan-Ermənistan münaqişəsi haqqında məlumat verib. Xocalı soyqırımının 20-ci əsrdə mülki və dinc əhaliyə qarşı törədilmiş ən qəddar beynəlxalq terror əməllərindən biri olduğunu qeyd edən səfir, törədilən vəhşiliklərin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəldiyini bildirib. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc Xocalı sakininin vəhşiliklə qətlə yetirildiyini diqqətə çatdıran səfir Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalmasının təəssüf doğurduğunu qeyd edib. Səfir Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə son illər ərzində həyata keçirilən "Xocalıya ədalət kampaniyası" çərçivəsində böyük uğurların əldə edildiyini və artıq dünya dövlətlərinin Xocalı faciəsini soyqırım aktı kimi tanımağa başladığını diqqətə çatdırıb. Səfir Azərbaycanın ərazisinin işğalı ilə heç vaxt barışmayacağını və tezliklə erməni işğalına son qoyulacağını vurğulayıb.

Tədbirdə Xocalı hadisələrinin şahidi olmuş, Müharibə Veteranı Qadınlara Sosial Yardım İctimai Birliyinin sədri xanım Rada Abbas da çıxış edib. Qadın, qoca, uşaq ayırd etmədən əliyalın və müdafiəsiz Xocalı sakinlərinə qarşı törədilmiş vəhşiliyin nümunələrini öz gözləri ilə görmüş R.Abbas çıxışında mülki əhaliyə qarşı törədilmiş qəddarlıqlar, işgəncələr, meyitlərin təhqir olunması, əsir və girovlara, xüsusən qadınlara qarşı atılmış qeyri-insanı hərəkətlər barədə geniş danışıb.

O, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri utanmadan dilə gətirdiklərini deyərək, bu əməllərə soyqırımı aktı kimi beynəlxalq səviyyədə lazımi hüquqi qiymət verilməsinin vacibliyini vurğulayıb. R.Abbas erməni təcavüzkarlığı və işğalı nəticəsində dəymiş zərərdən söz açaraq, buna rəğmən baiskarların lazımi qınağı görmədiyini təəssüflə bildirib. Xocalı qırğınlarını şahidi olan şəxslərin bu gün də aramızda olduğunu qeyd edən müharibə veteranı, bu insanlardan istifadə edərək həqiqətlərinin geniş kütlərlə çatıdırlmasının əhəmiyyətini vurğulayıb.

Çıxışlardan sonra Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.

Arxiv üzrə axtarış