2020-02-12

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qətər Dövlətinə səfər etmişdir

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov onu müşayiət edən nümayəndə heyəti ilə birlikdə Qətər Dövlətinə səfər edib.

Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Qətər Dövlətinin İnzibati İnkişaf, Əmək və Sosial Məsələlər naziri Yusif bin Məhəmməd Əl-Osman Faxru, Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Səd Əl-Mureyxi və Qətər Dövlətinin Məşvərət Şurasının (Parlament) sədri Əhməd bin Abdullah bin Zeyd Al Mahmud ilə görüşüb.

Qətərin İnzibati İnkişaf, Əmək və Sosial Məsələlər naziri Yusif bin Məhəmməd Əl-Osman Faxru ilə görüşdə F.Muradov ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib, iki ölkə arasında beynəlxalq təşkilatlar, xüsusən, BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq olduğunu qeyd edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmsöhbətinə məlumat verən Dövlət Komitəsinin sədri fürsətdən istifadə edərək, Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq təşkilatlar çərçivəsində müvafiq qərarların qəbul edilməsi zamanı ölkəmizin haqq mövqeyini dəstəklədiyinə görə Qətər Dövlətinə təşəkkürünü ifadə edib.

Görüşdə dünya azərbaycanlıları, o cümlədən Qətərdə yaşayan azərbaycanlılar barədə, həmçinin Azərbaycan diasporunun tarixi, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsi və onun fəaliyyəti barədə müqabil tərəfə ətraflı məlumat verilib, Qətərdə yaşayan və işləyən soydaşlarımız üçün yaradılan şəraitə görə təşəkkür ifadə olunub.

Öz növbəsində, Y.Faxru ikitərəfli əlaqələrin dinamik inkişafını qeyd edərək, siyasi, iqtisadi və humanitar sahədə münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Son illərdə Qətərdə həyata keçirilən infrastruktur və digər layihələrindən söz açan nazir ölkəsində yaradılan iş imkanları barədə məlumat verib, müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan ixtisaslı kadrların bu fürsətlərdən yararlana biləcəyini diqqətə çatdırıb.

Qətərdə səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, həmçinin Qətərin Xarici İşlər üzrə Dövlət naziri Sultan bin Səd Əl-Mureyxi ilə görüşüb. Görüşdə iki ölkə arasında əməkdaşlıq əlaqələri, onların inkişaf etdirilməsi və gücləndirilməsi yolları müzakirə edilib. Dövlət Komitəsinin sədri beynəlxalq təşkilatlar, İƏT, QH, xüsusilə də BMT çərçivəsində mövcud olan səmərəli əməkdaşlığı qeyd edib, qeyd olunan təşkilatlarda Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin azad edilməsi və qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən qətnamələrin qəbul edilməsində Qətərin dəstəyinə görə minnətdarlıq ifadə edib. Rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında Qətər tərəfini məlumatlandıran Komitə sədri azərbaycanlıların dünyanın 50-dən artıq ölkəsində yaşadıqlarını və yerli cəmiyyətlərə asanlıqla inteqrasiya etdiklərini bildirib. O, qeyd edib ki, hazırda xaricdə yaşayan həmvətənlərimiz üçün müxtəlif irimiqyaslı layihələr həyata keçirilir. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan çoxşaxəli islahatlar, ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində atılan addımlar, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional və beynəlxalq əhəmiyyətli layihələr barədə müqabil tərəfə məlumat verilib.

Öz növbəsində, nazir S.Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, özünün bir neçə dəfə ölkəmizdə səfərdə olduğunu və mövcud inkişafın şahidi olduğunu diqqətə çatdırıb. O, ikitərəfli əlaqələrin bütün sahələr, o cümlədən humanitar sahə üzrə uğurla inkişaf etdiyini və birgə səylər vasitəsilə bu əlaqələrin daha da dərinləşəcəyinə əminliyini ifadə edib.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, həmçinin Qətər Dövlətinin Məşvərət Şurasının (Parlament) sədri Əhməd bin Abdullah bin Zeyd Al Mahmud ilə də görüşüb. Görüşdə Ə.Al Mahmud iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu bildirib, parlamentlərarası əlaqələrin dərinləşdirilməsi və bu işdə parlamentlərarası dostluq qrupunun rolunun əhəmiyyətini vurğulayıb. O, ölkəmizdə səfərdə olarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşü böyük məmnunluqla xatırlayıb. Görüşdə Dövlət Komitəsinin fəaliyyəti, həyata keçirilən layihələr, dünya azərbaycanlıları, o cümlədən Qətərdə yaşayan azərbaycanlılar barədə qarşı tərəfə müfəssəl məlumat verilib. Komitə sədri iki ölkə arasında iqtisadi, ticarət, kənd təsərrüfatı, turizm, təhsil və s. kimi sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb. Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Qətər Məşvərət Şurasının iclas zalı ilə tanış olub.

Ümumilikdə görüşlərdə iki ölkə arasında əməkdaşlığın inkişaf istiqamətlərinə dair geniş fikir mübadiləsi aparılıb. Görüşlər Qətər mətbuatı tərəfindən (“Əl-Arab”, “Əl-Vətən”, “Əl-Şərq”, “Əl-Raya”, “Gulf Times”, “The Peninsula”, “Lusail News”, “Qatar Tribune” və s.) geniş işıqlandırılıb.

Arxiv üzrə axtarış