2019-12-02

Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Futbol Assosiyasiyasının (QFA) baş katibi Mənsur Məhəmməd Əl-Ənsari ilə görüşmüşdür

30 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Futbol Assosiyasiyasının (QFA) baş katibi Mənsur Məhəmməd Əl-Ənsari ilə görüşmüşdür.

Səfir R.İsmayılov Azərbaycan ilə Qətər arasında münasibətlərin dinamik inkişafını qeyd edərək, iki ölkə arasında idman sahəsində geniş əməkdaşlıq imkanlarının mövcudluğunu vurğulamışdır. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışaraq, Azərbaycanın idman uğurları, habelə ölkəmizdə təşkil olunan mötəbər idman yarışları barədə həmsöhbətinə məlumat vermişdir. Son illər Qətərdə idmanın inkişafı istiqamətində atılan addımların təqdirəlayiq olduğunu deyən səfir, bu ölkənin 2022-ci il Futbol üzrə Dünya Çempionatına ev sahibliyi etmək hüququnu qazanmasının böyük nailiyyət olduğunu bildirmişdir.

Öz növbəsində, səfir R.İsmayılovu salamlayan baş katib M.Əl-Ənsari ölkəsinin Azərbaycanla idman sahəsində, xüsusən, idmanın futbol növü üzrə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmişdir.

Daha sonra səfir R.İsmayılov idmanın futbol növünə Azərbaycanda da böyük maraq olduğunu deyərək, Azərbaycan futbolu və Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) barədə müqabil tərəfə məlumat vermişdir. Səfir daha öncə futbol üzrə Azərbaycan Milli Komandası və Qətər Milli Komandasının iki dəfə qarşılaşdığını bildirmişdir.

Öz növbəsində, M.Əl-Ənsari AFFA və QFA arasında əməkdaşlığın Azərbaycan-Qətər əlaqələrinin inkişafı və iki ölkə arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə olacağını diqqətə çatdırmışdır.

Görüş qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi ilə davam etmişdir. 

 

Arxiv üzrə axtarış