2019-12-01

Qətər Dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilmişdir.

1 dekabr 2019-cu il tarixində Qətər Dövlətinin paytaxtı Doha şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qətər Dövlətinin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilmişdir.

İclasa Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Qətər tərəfindən isə Qətər Dövlətinin Xarici İşlər üzrə Dövlət Naziri Sultan bin Səd Əl-Mureyxi rəhbərlik etmişdir.

Görüşdə Körfəz və Cənubi Qafqaz regionunda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılmışdır. Körfəz böhranı barədə danışan dövlət naziri S.Əl-Mureyxi böhranın həllində regional və beynəlxalq təşkilatların vasitəçilik səylərindən, eləcə də Qətərin qonşu dövlətlər ilə münasibətlərindən bəhs etmişdir.

Öz növbəsində nazir müavini R.Həsənov mürəkkəb geosiyasi məkanda yerləşən Azərbaycanın apardığı balanslaşdırılmış xarici siyasət kursundan söz açmış, ölkəmizin regionda mehriban qonşuluq siyasəti yeritdiyini diqqətə çatdırmışdır. O, regionda yeganə problemin məhz Ermənistanın işğalçı siyasətindən qaynaqlandığını bildirərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud vəziyyəti və danışıqlar prosesi barədə müqabil tərəfə müfəssəl məlumat vermişdir. R.Həsənov münaqişənin təkcə Azərbaycanın deyil, ümumilikdə bütün regionun sülh və sabitliyi üçün ciddi təhlükə təşkil etdiyini diqqətə çatdıraraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün aradan qaldırılması, işğal olunmuş ərazilərin dərhal və qeyd-şərtsiz azad edilməsi, eləcə də qaçqınların öz doğma torpaqlarına qayıtmasını tələb edən BMT TŞ, həmçinin digər beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarını xatırlatmışdır. 

R.Həsənov fürsətdən istifadə edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllində Azərbaycanın yanında olduğuna görə Qətər Dövlətinə minnətdarlığını bildirmiş, beynəlxalq təşkilatlar çərçivəsində münaqişə ilə bağlı qərarların qəbul olunmasında Qətər tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirərək, bu dəstəyin bundan sonra da davam edəcəyinə ümidini ifadə etmişdir.

Öz növbəsində, S.Əl-Mureyxi Qətərin BMT TŞ-nin müvafiq qətnamələrini tam dəstəklədiyini və münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulamışdır. O, münaqişənin təkcə Azərbaycanda deyil, bütün regionda sülh və sabitlik üçün təhlükə yaratdığı fikri ilə razılaşaraq, problemin yalnız sivil qaydada həllinin vacibliyini qeyd etmişdir. S.Əl-Mureyxi bildirmişdir ki, Qətər məsələ ilə əlaqədar bütün qərar və qətnamələrdə Azərbaycanın yanında olmuş və bundan sonra da olacaqdır.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmış, siyasi məsləhətləşmələrin hər il keçirilməsi barədə razılıq əldə olunmuşdur.

Arxiv üzrə axtarış