Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin Sədri İbrahim Əl-Nueymi ilə görüşmüşdür
30 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Doha Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin sədri, Qətərin Təhsil və Ali Təhsil nazirinin müavini İbrahim bin Saleh Əl-Nueymi ilə görüşmüşdür.
Görüşdə səfir Rəşad İsmayılov Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələri barədə müqabil tərəfə məlumat vermişdir. Səfir Azərbaycanda müxtəlif din və inancların mənsubları üçün bərabər şərait yaradıldığını və heç bir qrupun dini mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmadığını qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan yenidən müstəqilliyini qazandıqdan sonra, ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində ölkədə minlərlə məscid fəaliyyət göstərməyə başlamışdır. Səfir Rəşad İsmayılov Azərbaycanda mövcud olan dini tolerantlıq və dialoq mühitinin bütün dünyaya örnək olduğunu diqqətə çatdırmışdır.
Öz növbəsində səfir R.İsmayılovu salamlayan İbrahim Əl-Nueymi verilən məlumata görə təşəkkürünü bildirərək, Azərbaycanda mövcud olan tolerantlıq və dinlərarası əməkdaşlıq mühitinin, eləcə də tolerantlıq ənənələrinin qorunub inkişaf etdirilməsi istiqamətində dövlət tərəfindən atılan addımların təqdirəlayiq olduğunu qeyd etmişdir.
Görüş qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsi ilə davam etmişdir.