2019-04-01

Azərbaycan nümayəndə heyəti Qətər Milli Muzeyinin açılışında iştirak edib

2019-cu ilin 27 mart tarixində Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Al Taninin himayəsi altında Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Muzeyinin yeni binasının təntənəli açılış mərasimi keçirilib

Tədbirdə ölkəmizdən Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti və səfir Rəşad İsmayılov iştirak edib.

Muzeyin rəsmi açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Al Tani çıxış edərək Qətərin tarixi, onun mədəniyyəti və zəngin irsi haqqında məlumat verib.

Sonra tədbir iştirakçıları muzeyin fəaliyyəti ilə yaxından tanış edilib. Muzeylə tanışlıqdan sonra Qətər Əmirinin adından qonaqların şərəfinə ziyafət verilib. 

Ziyafətin sonunda Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Al Tani ilə görüşən nazir müavini Sevda Məmmədəliyeva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını, muzeyin açılışı münasibətilə Əmirə və Qətər xalqına təbriklərini Qətər Dövlətinin rəhbərinə çatdırıb. Qətərin Əmiri isə, öz növbəsində, Qətər xalqının önəmli günündə Azərbaycan nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirmiş və ölkə rəhbərliyinə öz dərin təşəkkürünü ifadə edib.

Daha sonra nazir müavini Qətərin birinci xanımı Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Muzeyinin direktoru Şeyxa Əl Mayassa bint Həməd Al Tani və Qətər Təhsil, Elm və İctimai İnkişaf Fondunun sədr müavini və icraçı direktoru Şeyxa Hind bint Həməd Al Tani ilə görüşərək, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın salamlarını çatdırmış və muzeyin açılışı  ilə bağlı öz xoş təəssüratlarını bölüşüb.

Sevda Məmmədəliyeva Qətər Milli Muzeyinin direktoru ilə görüşü zamanı Azərbaycan muzeyləri və Qətər Milli Muzeyi arasında əməkdaşlığın qurulması haqqında söhbət açmış və Azərbaycan Milli İncəsənət Muzeyinin fondundan “Azərbaycan El Sənəti”, habelə ölkəmizin xalçaçılıq sənətinə aid “Stars of Caucasus” adlı kitabları ona hədiyyə edib.   

Qətər Milli Muzeyinin direktoru Şeyxa Əl Mayassa bint Həməd bin Xəlifə Al Tani Azərbaycan və Qətər arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılmasını, iki ölkənin muzeyləri arasında əməkdaşlığın qurulması üçün zəruri tədbirlərin görüləcəyini qeyd etmiş və Azərbaycan tərəfinin Qətər Milli Muzeyinin açılış tədbirində iştirakı ilə bağlı öz minnətdarlığını bildirib.

Arxiv üzrə axtarış