Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib
20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib.
İclasda Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Taninin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Komissiyanın həmsədri Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Tani Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin fevral ayında Qətərə etdiyi səfərin nəticələrinin əhəmiyyətini vurğulayıb. Baş nazirin müavini, həmçinin Bakıda keçirilmiş ilk iclasın yüksək səviyyədə təşkilinə və ekspertlər səviyyəsində görüşlərə görə təşəkkürünü bildirib.
Komissiyanın həmsədri Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov səmimi qəbula görə təşəkkürünü bildirərək ikitərəfli münasibətlərin inkişafının iki dövlətin maraqları üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib.
İclasda ikitərəfli əməkdaşlığın mövcud səviyyəsindən razılıq ifadə olunub, münasibətlərin bundan sonra da yüksələn xətlə davam etdirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Həmsədrlər ikitərəfli əlaqələri daha da inkişaf etdirmək məqsədilə iqtisadiyyat, ticarət, investisiya, maliyyə, sənaye, enerji, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclasının Protokolu imzalanıb. Protokolu Komissiyanın həmsədrləri – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al Tani imzalayıblar.
Səfər çərçivəsində nazir K.Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Dövlətinin Baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əhəmiyyətindən danışılıb, iki ölkə arasında mövcud əlaqələrin genişləndirilməsinin mühümlüyü vurğulanıb.