2018-10-23

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Yusif İbrahim Əl-Maliki ilə görüş keçirib

23 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Xəbərlər Agentliyinin (QNA) baş direktoru Yusif İbrahim Əl-Maliki ilə görüş keçirib.

Görüş zamanı Azərbaycan və Qətər arasında İnformasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə Qətərin rəsmi informasiya agentliyi “QNA” arasında 2011-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən qarşılıqlı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.

Səfir ölkəmizdə  medianın inkişafı ilə bağlı böyük işlərin görüldüyünü və bu sahəyə dövlət tərəfindən xüsusi qayğının göstərildiyini diqqətə çatdıraraq, informasiya sahəsində qarşılıqlı əməkdaşlığın ölkələrlə bağlı düzgün informasiyanın ictimaiyyətə çatdırılmasında önəmli rol oynadığını qeyd edib. AZƏRTAC-ın fəaliyyəti haqqında danışan səfir, agentliyin 7 dildə, o cümlədən ərəb dilində xəbərlər nəşr etdiyini nəzərə çatdırıb.

Y.Əl-Maliki, öz növbəsində, rəhbərlik etdiyi qurumun Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə ikitərəfli və beynəlxalq müstəvidə çox yaxşı münasibətlərə malik olduğunu və hər iki qurumun rəhbərləri arasında mütəmadi olaraq görüşlərin keçirildiyini qeyd edib. O, 2018-ci ilin 25-26 oktyabr tarixində ölkəmizdə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumundə özünün rəhbərliyi ilə “QNA” nümayəndə heyətinin iştirak edəcəyini xatırladaraq, ölkəmizlə informasiya sahəsində əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.

 

Arxiv üzrə axtarış