2018-10-25

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov “Al Faisal Holding” şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim Al Tani ilə görüşüb

24 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov “Al Faisal Holding” şirkətinin rəhbəri və Qətər İş Adamları Assosiasiyasının sədri Şeyx Faisal bin Qassim bin Faisal Al Tani ilə görüşüb.

Qətərin ən böyük sərmayəçi şirkətlərdən biri hesab olunan “Al Faisal Holding” daşınmaz əmlak, turizm, ticarət, nəqliyyat, xidmət, təhsil və investisiya sahələrində fəaliyyət göstərən 46 şirkəti özündə birləşdirir. 

Görüşdə səfir R. İsmayılov Azərbaycanda qeyri-neft sektorunun inkişafı, mövcud əlverişli sərmayə mühiti və sərmayə qoyuluşu üzrə prioritet hesab olunan sahələr haqqında Şeyx Faisalə məlumat verib və Qətər İş Adamları Assosiasiyasının üzvlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər etməsinin iki ölkənin iş adamları arasında tərəfdaşlıq əlaqələrini təşviq edəcəyini qeyd edib. 

Şeyx Faisal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qətər Dövlətinə səfəri zamanı baş tutmuş görüşü xoş təəssüratla xatırlayaraq, Qətər İş Adamları Assosiasiyasının üzvlərinin və özünün şəxsən Azərbaycan şirkətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirməkdə maraqlı olduqlarını ifadə edib.

Sonda səfir 700-dən artıq xalçanın, o cümlədən 19-cu əsrə aid Azərbaycan xalçalarının nümayiş olunduğu Şeyx Faisala məxsus şəxsi muzey ilə tanış olub.

Arxiv üzrə axtarış