2018-09-20

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin Katara mədəniyyət şəhərciyinin rəhbəri Xalid Al Sulaiti ilə görüş keçirib

20 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov  Qətərin Katara mədəniyyət şəhərciyinin rəhbəri Xalid Al Sulaiti ilə görüş kecirib.

Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri, Doha şəhərində Azərbaycan mədəniyyət günləri, eləcə də, əl işləri və rəsm  sərgilərinin və muğam gecələrinin təşkili imkanları müzakirə edilib.    

Xalid Al Sulaiti, öz növbəsində, Katara mədəniyyət şəhərciyində keçirilən tədbirlər haqqında ətraflı məlumat verərək bu kimi mədəni tədbirlərin, xüsusən də, Azərbaycan mədəniyyət günlərinin təşkilinə lazımi dəstəyin göstərilməsinə hər zaman hazır olduqlarını qeyd edib.

Katara mədəniyyət şəhərciyi, incəsənət və tarixi mədəni irsin qorunub saxlanılması və digər xalqların mədəniyyətlərinin sərgilənməsi   məqsədilə yaradılmışdır. Katara, teatr və konsert zalları, amfiteatr, sərgi mərkəzləri, musiqi akademiyası və incəsənət mərkəzləri, ticarət və ictimai iaşə obyektləri və istirahət yerləri ilə əhatə olunan Qətərin ən çox turist cəlb edən məkanıdır. Katara bir çox beynəlxalq, regional və yerli səviyyədə festival, seminar, tamaşa və sərgilərə ev sahibliyi edir.

Görüşdə həmçinin, xalqımızın qədim  və zəngin mədəniyyəti və incəsənəti barədə  məlumat verən səfir, Azərbaycan musiqisi, muğamı və milli yeməkləri haqqında bukletlər və ölkəmizin mədəni irsini əks etdirən digər  təbliğat materiallarını Xalid Al Sulaitiyə təqdim edib.

Arxiv üzrə axtarış