Azərbaycan Respublikasının Qətər dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Xarici İşlər Nazirliyində görüş keçirib
9 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Xarici İşlər Nazirliyinin Asiya İdarəsinin rəisi Xalid İbrahim Əl-Humur ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışılaraq, hər iki tərəfin bu əlaqələrin daha da inkişafına maraq göstərdiyi diqqətə çatdırılıb. Azərbaycan və Qətər dövlət başçıları arasındakı şəxsi dostluq münasibətlərinin və son illər ərzində həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib. Azərbaycan-Qətər hökumətlərarası birgə iqtisadi komissiyasının 2017-ci ilin yanvarında Bakıda keçirilmiş ilk toplantısının nəticələrinin ikitərəfli əlaqələrin inkişafındakı roluna toxunularaq, hökumətlərarası komissiyanın ikinci toplantısının 2019-cu ildə keçirilməsi istiqamətdə hazırlıqlara başlanılmasına dair razılıq əldə olunub.
Səfir iki ölkə arasında Qətər Hava Yolları tərəfindən həftədə 14 birbaşa hava reysinin həyata keçirildiyini qeyd edərək, bunun iki ölkə arasında əməkdaşlığın, xüsusilə turizm əlaqələrinin inkişafında böyük rol oynadığını diqqətə çatdırıb. Gələcəkdə ölkələr arasında birbaşa karqo reyslərinin təşkilinin qarşılıqlı iqtisadi əməkdaşlığın və ticarət dövriyyəsinin artmasına geniş imkan yaradacağını vurğulayıb.
Səfir ölkəmizdəki mövcud əlverişli investisiya mühiti haqqında, son illər ərzində ölkəmizdə aparılmış yenidənqurma işləri və inkişaf prosesi barədə ətraflı məlumat verərək, Qətərli iş adamlarının ölkəmizdə fəaliyyəti üçün bütün imkanların mövcud olduğunu bildirib.
Qətər XİN rəsmisi, öz növbəsində, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini birldirərək, son dövr ərzində Qətər vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini diqqətə çatdırıb. O, Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcud olduğunu qeyd edərək, bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.