2018-07-24

Qətərin tanınmış bloqerləri ölkəmizə səfər ediblər

 

Ölkəmizlə bağlı məlumatların yerli ictimaiyyətə çatdırılması işində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi ənənəvi media ilə yanaşı sosial media ilə də sıx əməkdaşlıq münasibətləri qurmuşdur. Bu çərçivədə 22-25 iyul 2018-ci il tarixlərində Səfirliyin təşəbbüsü və təşkilatçılığı ilə qətərli bloqerlərin daxil olduğu nümayəndə heyətinin ölkəmizə səfəri təşkil edilmişdir. Nümayəndə heyətinin tərkibinə Qətər Gənclər Mərkəzinin sədri, tanınmış bloqer Həsən Əl Sai, “Şəbəkət-əhl-Qatar” bloqnun sahibi xanım Aişə Əl Mənnai, “Nadeebqa” bloqunun sahibi Ömər Əl Jumaili və digərləri daxil olmuşdur.

Səfərin təşkilində əsas məqsəd qətərli bloqerlərin ölkəmizlə yaxından tanışlığının təmini, Azərbaycanla bağlı həqiqətlərin Qətər ictimaiyyətinə çatdırılması, hər iki ölkənin media qurumları arasında əlaqələrin inkişafı və ölkəmizin turizm potensialının təbliği olmuşdur.

Səfər çərçivəsində qətərli bloqerlərin ölkəmizdə bir sıra görüşləri təşkil edilmişdir.   23 iyul tarixində Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev qonaqları qəbul etmişdir. Görüş zamanı, Azərbaycan-Qətər dostluq münasibətləri və qarşılıqlı əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılmışdır. İkitərəfli münasibətlərin inkişafında medianın rolunun əhəmiyyəti xüsusi vurğulanmışdır. Qarşı tərəfə Azərbaycanın inkişafı, daxili və xarici siyasəti, mətbuatın inkişafı və azad medianın fəaliyyətinin təmini istiqamətində dövlət tərəfindən verilən dəstək, ölkəmizin turizm imkanları və ölkəyə gələn əcnəbi turistlər üçün viza rejiminin sadələşdirilməsi haqqında ətraflı məlumat verilmişdir.

Həmçinin, Qətər nümayəndə heyətinin Azərbaycan Mətbuat Şurasında görüşü keçirilmişdir. Görüşdə Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələrindən söz açmışdır. O, Azərbaycana dünyanın müxtəlif ölkələrindən jurnalist axınının olduğunu vurğulayaraq, bunun ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği baxımından əhəmiyyətli cəhətlərini qeyd etmiş və Qətərli jurnalistlərin Azərbaycana səfərinin də bu mənada uğurlu olacağına əminlik ifadə etmişdir. Görüşdə qətərli jurnalistlərin və bloqqerlərin sualları cavablandırılıb, Azərbaycanda söz və ifadə azadlığının, jurnalistika sahəsində təhsilin vəziyyəti, kütləvi informasiya vasitələrinin yaradıcılıq xüsusiyyətləri, maddi durumu ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Qətər nümayəndə heyəti üçün Bakı şəhərindəki tarixi abidələrə, müasir memarlıq komplekslərinə və turizm obyektlərinə tanışlıq turları təşkil edilmişdir. Qonaqlar “İçərişəhər” və “Atəşgah məbədi” dövlət tarix-memarlıq qoruqları, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Xalça Muzeyi, Milli Muğam Mərkəzi, Dənizkənarı Milli Park, ticarət mərkəzləri və Bakının digər görməli yerlərinə baş çəkmiş və milli mətbəximizin nümunələri ilə tanış olmuşlar.

Qətərli bloqerlər səfər boyu ölkəmiz, Bakı şəhəri və ziyarət etdikləri obyektlər barədə özlərinə aid 100 minlərlə izləyicisi olan sosial şəbəkələrdə ətraflı məlumat, foto və video materiallar yerləşdirərək, ölkəmizlə bağlı xoş fikirlər səsləndirmiş və həmvətənlərini Azərbaycana səfər etməyi tövsiyə etmişlər.

 

 

Arxiv üzrə axtarış