2018-05-29

Səfir Rəşad İsmayılovun Ramazan ayı münasibətilə Qətərin “Əl-Raya” qəzetində müsahibəsi nəşr olunub

Səfir Rəşad İsmayılovun Ramazan ayı münasibətilə Qətərin “Əl-Raya” qəzetinin 29 may 2018-ci il tarixli sayında geniş müsahibəsi nəşr olunub.

Müsahibədə Ramazan ayı ilə bağlı ölkəmizdəki mövcud adət-ənənələrdən ətraflı bəhs olunmuş, Azərbaycanın tarixi dini və mədəni bağlılığı olduğu ərəb ölkələri, o cümlədən Qətərlə Ramazan ayı ilə bağlı oxşar mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılıb. Ramazan ayında ölkəmizdə insanların xeyirxah işlərə can atması, imkansızlara yardımların göstərilməsi, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı qeyd olunub. 

Müsahibədə ölkəmizdəki mövcud yüksək səviyyəli dini və mədəni dözümlülük məsələlərinə toxunularaq, Azərbaycanın dünyanın ən tolerant ölkələrindən biri olduğu vurğulanıb. Hər il Ramazan ayında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə iftar süfrələrinin təşkilinin artıq ənənə halını aldığı qeyd edilib.

Müsahibədə Ramazan ayının sülh, paylaşma, xeyirxahlıq və bərəkət ayı olduğu bildirilmiş və İslam dininin bütün insanları sülh şəraitində yaşamağa və qarşılıqlı anlaşmaya çağırdığı əlavə edilib.

Daha sonra Azərbaycan-Qətər münasibətlərindən bəhs edilərək, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ərazilərimizin erməni işğalından azad edilməsi və bir milyon soydaşımızın öz evlərinə qayıtması ilə bağlı ölkəmizin mövqeyinə Qətər tərəfindən verilən dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. 

Arxiv üzrə axtarış