Qətərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı qəbul keçirilib
Doha şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 28 May - Respublika günü münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi tərəfindən rəsmi qəbul - ziyafət təşkil edilib.
Qəbulda Qətərin rəsmi şəxsləri, o cümlədən Qətərin inzibati inkişaf, əmək və sosial məsələlər naziri Issa bin Saad Al-Juffali Al-Nuaimi və Qətər XİN Protokol idarəsinin rəisi İbrahim Faxru, həmçinin Qətərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan və Türk icmasının nümayəndələri, yerli KİV-lər və iş adamları iştirak edib.
Tədbirdə hər iki dövlətin himnlərinin səsləndirilməsindən sonra səfir Rəşad İsmayılov açılış nitqi ilə çıxış edərək, qonaqlara Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının Azərbaycan və dünya üçün əlamətdar hadisə olduğunu bildirən səfir AXC-nin müsəlman şərqində ilk demokratik respublika olduğunu xatırladıb.
Daha sonra səfir 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini qazanmasından sonra üzləşdiyi çətinliklər və ərazilərimizin işğalı haqqında danışmış və xalqın tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə ölkəmizin inkişaf və sabitlik mərhələsinə qədəm qoyduğunu əlavə edib. Səfir Azərbaycanın bu gün ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə böyük inkişafın şahidi olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycan və Qətər arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, xüsusilə Qətər Əmirinin 2016-cı ilin martında ölkəmizə, Azərbaycan Respublikası Prezidentinin isə 2017-ci ilin fevralında Qətərə səfərlərinin ikitərəfli əlaqələrin dərinliyinin təzahürü olduğunu və həmin səfərlərin qarşılıqlı əməkdaşlığın daha da inkişafında xüsusi rol oynadığını qeyd edib.
Tədbir çərçivəsində Azərbaycanın turizm imkanlarını və tarixi abidələrini əks etdirən video-çarxlar göstərilib. Ölkəmizdən gəlmiş sənətçilərin ifasında milli rəqslərimiz nümayiş etdirilib və milli musiqi parçaları səsləndirilib.
Tədbir ziyafətlə davam etdirilib və qonaqlara milli mətbəximizin nümunələri təqdim olunub.