31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qətərin ingilis dilli nüfuzlu “The Peninsula” qəzetində geniş məqalə nəşr edilib
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qətərin ingilis dilli nüfuzlu “The Peninsula” qəzetində geniş məqalə nəşr edilib.
Məqalədə dünya azərbaycanlılarının Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktının 100 illiyini qeyd etdiyi xatırlanıb. 19-cu və 20-ci əsrlərdə azərbaycanlılara qarşı törədilmiş sıyqırım və deportasiya siyasətinin Azərbaycan tarixinə ağrılı səhifələr kimi daxil olduğu bildirilib.
19-cu əsrin əvvəllərindən etibarən minlərlə erməni ailəsinin İran və Türkiyədən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur və İrəvan kimi tarixi torpaqlarına köçürüldüyü və bundan əsas məqsədin həmin ərazilərdə “Böyük Ermənistan” dövlətinin yaradılması olduğu vurğulanıb.
Yazıda Azərbaycanlılara qarşı 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1993-cü illərdə qırğınların törədildiyi və bunların arasında 100 il öncə, 31 mart 1918-ci ildə Bakı və digər regionlarda törədilmiş soyqırım aktının daha ağır nəticələri ilə seçildiyi qeyd edilib. Həmin hadisələr zamanı minlərlə azərbaycanlının amansızca qətlə yetirildiyi, şəhər və kəndlərin dağıdıldığı bildirilib.
Məqalədə sözügedən soyqırım aktının indiyədək beynəlxalq müstəvidə lazımi hüquqi qiymətini almadığı xatırlanmış və azərbaycanlıların həmin cinayətlərin soyqırım aktı kimi tanınacağına və cinayətkarların lazımi cəzalarını alacağına inandığı bildirilib. Azərbaycanlıların ölkələrinin ərazi bütövlüyünün və suverenliyinin bərpa ediləcəyinə və bir milyondan artıq məcburi köçkün və qaçqının öz doğma yurdlarına qayıdacağına əmin olduğu nəzərə çatdırılıb.