2018-03-28

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar bəyanatı

Azərbaycanlıların Soyqırımının 100-cü ildönümü ilə əlaqədar

B Ə Y A N A T

 

Son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı məqsədyönlü soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının tarixinə ağrılı səhifələr kimi daxil olmuşdur.

XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülmüşdür. Erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından qovmaq və bu ərazilərdə “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

Azərbaycan əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən insan hüquq və azadlıqlarının kütləvi surətdə pozulması hallarına, qeyri-insani rəftarla, etnik təmizləməyə və deportasiyaya məruz qalmışdır.

Bu qanlı faciələrin daha dəhşətlisi 100 il öncə 31 mart 1918-ci il tarixində azərbaycanlılara qarşı törədilən soyqırımıdır və özünün ağır nəticələri ilə seçilir. Belə ki, 1917-ci il fevral və oktyabr inqilablarından məharətlə istifadə edən ermənilər öz çirkin iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.

1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, insanlar diri-diri yandırılmış, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılmışdır.

Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil almış, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetirmişlər. Həmin soyqırımın davam etdiyi dövrdə ölkəmizin ərazisində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülmüşdür. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını, ziyarətgahları top atəşinə tutaraq dağıtmış, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdır.

Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilmişdir. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilmiş, 7000 nəfər öldürülmüşdür. Quba qəzasında da qanlı hadisələr eyni tərzdə cərəyan etmiş, erməni hərbi dəstələri 122 kəndi yandırmış, günahsız insanları, o cümlədən qadınları və uşaqları qətlə yetirmişlər. Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılmış, yüzlərlə günahsız insan öldürülmüş, neçə-neçə ev talan edilmiş və  yandırılmışdır. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız soyqırıma məruz qalmışdır.

Qeyd olunmalıdır ki, Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanda bu hadisələrə siyasi qiymət verilmiş və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması ilk dəfə rəsmi surətdə bəyan edilmişdir. Eyni zamanda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur.

Ermənistan 1988-ci ildən başladığı növbəti təcavüz siyasəti nəticəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ərazisini, eləcə də yeddi ətraf rayonu işğal etmiş, beləliklə ölkəmizin 20 faiz ərazisi zəbt edilmiş, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı da erməni millətçiləri və terrorçuları Azərbaycanın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində soyqırımları törətmişlər.

Bütün bunlar yüksək mədəni, iqtisadi inkişaf səviyyəsinə nail olmuş dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Qətiyyətlə bildiririk ki,  hər bir vandalizm, separatçılıq, milliyyətçilik, terrorizm aktlarına hüquqi-siyasi qiymət verilmədikcə, bütün bəşəri cəmiyyət təhlükə qarşısında qalacaqdır.

31 mart – Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməmişdir. Azərbaycan Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyini dəstəkləməyi tələb edir, ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanır.

Arxiv üzrə axtarış