2017-02-27

Azərbaycan Prezidentinin və Qətər Əmirinin geniş tərkibdə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin fevralın 27-də geniş tərkibdə görüşü olub.

Görüşdə son vaxtlar iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq münasibətlərinin sürətlə inkişaf etdiyi bildirildi.

Azərbaycana səfərini xatırladan Əmir respublikamızın sürətlə inkişafının şahidi olduğunu diqqətə çatdıraraq bildirdi ki, ölkəmizdə sabitlik və təhlükəsizlik mövcuddur. Bu da həm iqtisadi, həm turizm sahələrində inkişafa imkan yaradır. Qətər Dövlətinin Əmiri qarşılıqlı səfərlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına xidmət edəcəyini vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyev Qətərə əvvəlki səfərini məmnunluqla xatırladı və ötən müddət ərzində ölkədə böyük inkişafın şahidi olduğunu dedi.

Dövlətimizin başçısı Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlardan, qeyri-neft sektorunun inkişafından danışaraq vurğuladı ki, əsas məqsəd qeyri-neft sektoru məhsullarının xarici bazarlara ixrac edilməsidir.

Söhbət zamanı müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, turizm, mədəniyyət, infrastruktur sahələrində əlaqələrin genişləndirilməsinin önəmi vurğulandı, digər ölkələrdə müxtəlif sahələrdə layihələrin icrasına birgə sərmayə qoyuluşu, neft və qaz sahəsində əməkdaşlıq imkanları müzakirə olundu.

Arxiv üzrə axtarış