2017-01-31

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təninin birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Xanımlar və canablar! Bildiyiniz kimi, Qətər Dövlətinin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Təni Azərbaycanda rəsmi səfərdədir. Bu, Qətər Dövlətinin xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycan və Qətər arasında yüksək səviyyəli səfərlər həyata keçirilib və əməkdaşlıq günü-gündən inkişaf edir. Bu gün səhər həmkarım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunub. Daha sonra biz onunla burada təkbətək və geniş tərkibdə görüş keçirdik. Azərbaycan və Qətər arasında siyasi əlaqələri müzakirə etdik. Qeyd etdik ki, iki dövlətin beynəlxalq aləmdə mövqeləri üst-üstə düşür. Mən həmkarımı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumatlandırdım.

Azərbaycan və Qətər arasında iqtisadi münasibətlərə toxunduq. Böyük planlarımız vardır. Bilirsiniz ki, bu gün iqtisadi komissiyanın da iclası keçiriləcəkdir. Fevral ayında iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək üçün daha intensiv danışıqlar aparmağı planlaşdırırıq.

Mədəniyyət günlərinin keçirilməsi barədə razılığa gəldik. Enerji məsələlərinə də toxunduq. Bilirsiniz ki, Qətər dünyada enerji sektorunda böyük rola malikdir. TANAP, TAP, Cənub Qaz Dəhlizi layihələri, Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlı müzakirələr apardıq. Xarici İşlər Nazirliyi Körfəz Əməkdaşlıq Şurası ilə intensiv əlaqələr qurur. Biz təklif irəli sürdük ki, Körfəz Əməkdaşlıq Şurası ilə Azərbaycan arasında nazirlər səviyyəsində iclas keçirilsin. 2017-ci ilin yay ayları üçün Bakıda keçirilməsini hələ ki nəzərdə tuturuq.

Qətər Dövləti kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıqda maraqlıdır. Bilirsiniz ki, Qətər vətəndaşları turist kimi Azərbaycana çox gəlirlər. Biz bunu alqışlayırıq və düşünürük ki bu həm Bakıda, həm də regionlarda infrastrukturun inkişaf etdirilməsi baxımından çox əhəmiyyətlidir. Razılığa gəldik ki, Qatar hava yolları şirkəti Azərbaycana uçuşlarının sayını artırsın.

Sual-cavab:

Sual (Qətər televiziyası): Sualım cənab Elmar Məmmədyarovadır. Qətər və Azərbaycan arasında iqtisadi-ticarət əməkdaşlığın perspektivlərini necə görürsünüz?

Elmar Məmmədyarov: Düşünürəm ki, böyük perspektivlərimiz var. İlk növbədə, bizim ölkələrin rəhbərləri tərəfindən əməkdaşlığı inkişaf etdirmək üçün iradə vardır. Biz, hər iki tərəfdən xarici işlər nazirləri və hökumətin digər üzvləri Qətər Əmirinin Azərbaycana səfəri zamanı imzalanmış sazişlər də daxil olmaqla iki ölkə arasında əldə olunmuş bütün sazişləri yerinə yetirməliyik. Dostum və həmkarım qeyd etdiyi kimi, biz hazırda Azərbaycan Respublikasının Prezidentinin Qətərə səfərini hazırlayırıq. Bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Biz Qətərlə həmçinin müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırırıq. Kənd təsərrüfatı, enerji, tikinti sahəsində layihələr çox vacibdir. İki ölkə arasında investisiya sahəsində də əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Qətərlə Azərbaycan arasında müzakirəsi bağlı olan heç bir sahə yoxdur. Ölkələrimiz arasında böyük etimad vardır. Fürsətdən istifadə edib, Qətər televiziyası vasitəsilə ölkəmiz adından Qətərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürümü bildirirəm. Qətərin mövqeyi də beynəlxalq ictimaiyyətin mövqeyi ilə eynidir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi vardır. Qətnamədə Ermənistanın işğalçı qüvvələrinin dərhal, tam və qeyri-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb olunur. Elə qətnamələr vardır ki, Təhlükəsizlik Şurasında hələ qəbul olunmamışdan əvvəl icra olunur. Bizə gəldikdə isə, 20 ildən çoxdur ki hələ icra olunmayıb. Hamıya məlumdur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxt çərçivəsi yoxdur. Lakin biz hələ də gözləyirik. Ümid edirik ki, qətnamələrin icrasında təşkilat qətiyyət göstərəcəkdir. Münaqişə ilə bağlı Qətərin mövqeyi bizim üçün çox vacibdir.

Sual (“APA” informasiya agentliyi): Sualım cənab nazir sizədir. Uzun müddətdir ki, münaqişə ilə bağlı görüşlər keçirilmir. Siz Moskvaya səfər etdiniz. Sizdən öncə də Ermənistanlı həmkarınız səfər etdi. Moskvada yeni görüşlərlə bağlı planlar müzakirə olundumu? Həmçinin, Azərbaycanın əsgərinin nəşi Ermənistanda saxlanılır. Onun qaytarılması üçün hansı tədbirlər həyata keçirilir? Bundan başqa, həmsədrlərin regiona səfəri gözlənilirmi?

Elmar Məmmədyarov: Moskvaya işgüzar səfərim çərçivəsində hər iki ölkənin xarici işlər nazirliklərinin mətbuat xidmətləri açıqlama veriblər. Biz rusiyalı həmkarımla razılığa gəldik ki, danışıqları davam etdirək. Təkliflər var idi ki, üç ölkənin nazirləri arasında görüş keçirilsin. Əfsuslar olsun ki, alınmadı. Rusiya tərəfi üçtərəfli görüş üçün çalışır. Azərbaycan tərəfi görüş üçün razılığını verib. Amma görüş nəticəli olmalıdır. Həmsədrlərin regiona səfərinə gəldikdə, onlar öz aralarında görüş keçiriblər. Həm Fransa, həm ABŞ-dan həmsədrlər yeni təyin olunub. Onlar ilk olaraq münaqişə haqqında daha çox məlumatlı olmalıdırlar. Mən onlarla telefonla danışmışam. Çox güman ki onlarla mən Münhen Təhlükəsizlik Konfransında görüşəcəyəm. Onlar tərəfindən belə bir təklif səsləndirilib. Biz qəbul etmişik.

Əsgərin nəşi ilə bağlı deyə bilərəm ki, bu Ermənistan tərəfindən çox qeyri-humanitar bir hərəkətdir. Mən bu məsələni həm həmkarlarımla, həm də həmsədrlərlə müzakirə etmişəm. Biz əslində nəşləri döyüşlərdən sonra ya dəyişdirmək, ya da qaytarmaq barədə razılığa gəlmişdik. Təkrar edirəm, bu qeyri-humanitar hərəkətdir.

Sual (İnterfaks-Azərbaycan): Cənab nazir ikinci sualım sizədir. Azərbaycan Cocuqmərcanlıda tikinti işlərinin aparılmasına beynəlxalq təşkilatların da cəlb olunmasını planlaşdırırmı?

Elmar Məmmədyarov: Mən şübhə etmirəm ki, bütün işğal olunmuş kəndlər, ərazilər işğaldan azad olunacaqlar. Bu birinci addımdır. Sonra o ərazilərin hamısı bərpa olunacaqdır. Beynəlxalq təşkilatların cəlb olunması üçün danışıqlar gedir. Müxtəlif məsələlər var. Bu birgünlük məsələ deyil. Sənədlərin hazırlanması, təqdim olunması, ilkin qiymətləndirilmənin aparılması vaxt tələb edir. Danışqlar gedir və davam etdiriləcəkdir. Amma ilkin mərhələdə Cocuq Mərcanlı kəndində tikinti və yenidənqurma işləri Azərbaycan hökuməti tərəfindən aparılır.

Çox sağ olun!

Arxiv üzrə axtarış