2016-06-18

Qətər ictimaiyyəti Azərbaycandakı Ramazan adət-ənənələri barədə məlumatlandırılıb

Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayevin bu ölkənin ərəbdilli “Əl- Şərq”, “Əl-Ərəb” qəzetlərində Ramazan ayı münasibətilə müsahibələri dərc olunub.
 
Müsahibələrdə Ramazan ayı ilə bağlı ölkəmizdəki mövcud adət-ənənələrdən bəhs olunur. Bu ayda ölkəmizdə insanların xeyirxah işlərə can atmaları, imkansızlara yardımlar göstərmələri, iftar süfrələrinin təşkili, qohumların ziyarət edilməsi kimi bir çox mənəvi dəyərlərin daha çox ön plana çıxdığı, bu baxımdan Azərbaycanın tarixi, dini və mədəni bağlılığı olan ərəb ölkələri, o cümlədən Qətər ilə oxşar mənəvi dəyərləri bölüşdüyü diqqətə çatdırılır.
 
Müsahibələrdə ölkəmizdəki yüksək səviyyəli dini və mədəni dözümlülük məsələlərindən bəhs edilir və bu sahədə Azərbaycanın dünyanın ən öncül ölkələrindən biri olduğu vurğulanır. Sovet dövründə Azərbaycanda dini bayramların keçirilməsinin qadağan olunduğu xatırlanaraq, 1992-ci ildən etibarən ölkəmizdə dini bayramların rəsmi səviyyədə qeyd olunmağa başladığı bildirilir. Hər il Ramazan ayında Azərbaycan Prezidentinin iştirakı ilə iftar süfrələrinin təşkilinin artıq ənənə halını aldığı diqqətə çatdırılır.
 

Arxiv üzrə axtarış