2016-05-25

Qətərdə 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilmişdir

Qətərin paytaxtı Doha şəhərində 28 May – Respublika Gününə həsr olunan rəsmi qəbul təşkil edilib.
 
Qəbulda Qətərin rəsmi şəxsləri, o cümlədən əsas qonaq qismində ölkənin bələdiyyə və ekologiya naziri Mohammed bin Abdullah Al Rumaihi, diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, Azərbaycan və türk icmalarının nümayəndələri və iş adamları iştirak ediblər.
 
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Tofiq Abdullayev qonaqlara Azərbaycan və ölkəmizin milli bayramı - Respublika Gününün tarixi barədə məlumat verib. Səfir mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin dərinliyinin təzahürü olduğunu bildirib, hər iki ölkə rəhbərinin bu münasibətləri daha da möhkəmləndirmək niyyətini vurğulayıb.
 
Tədbirdə Xalq Artisti Mələkxanım Əyyubova və musiqiçilər Möhlət Müslimov, Elnur Əliyev, Oqtay Şərifov və Əhməd Əhmədov konsert proqramı ilə çıxış ediblər. Azərbaycanlı rəssamların əl işlərindən ibarət rəsm əsərləri və təsviri incəsənət nümunələri nümayiş olunub. Ölkəmizin turizm imkanlarını və tarixi abidələrini əks etdirən videoçarxlar göstərilib. Azərbaycandan gəlmiş aşpazlar tərəfindən hazırlanmış milli yeməklərimiz və şirniyyatlar tədbir iştirakçılarına təqdim olunub.
 
Rəsmi qəbul yerli KİV tərəfindən geniş işıqlandırılıb.
 
 

Arxiv üzrə axtarış